Erməni təhlilçilər iddia edirlər ki, Qərb Rusiyanın bölgədəki təsirini azaltmaq üçün Ankaraya stavka edir
Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoyub. Tərəfdaşlıq Şurasının iclasından sonra Ermənistan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb.
Sənədi Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaja Kallas imzalayıblar. Mətn nəhəng 64 səhifədən ibarətdir. Brüssel artıq Ermənistanın Aİ-yə mümkün üzvlüyünü müzakirə etmir - nəhayət, Avropa rəsmilərinin ağlına gəlir ki, Ermənistan Aİ-yə qoşulmazdan əvvəl Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalıdır.
Ermənistana Rusiyanın informasiya kampaniyasına qarşı 15 milyon avro ayrılacaq. Kaya Kallas Ermənistanı Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarına qoşulmağa çağırıb. Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Aİ Rusiyanın təsirini zəiflətmək üçün Ermənistanın enerji sisteminin Türkiyə ilə birləşdirilməsinə tərəfdardır.
Erməni təhlilçilər də ən çox bu tezisdən narahat olublar. İddia olunur ki, Qərb Rusiyanın bölgədəki təsirini azaltmaqla, onun “boş qalan müqəddəs yerini” Türkiyəyə vermək niyyətindədir. Türkiyə Cənubi Qafqazda əsas oyunçulardan biri olmaqda davam edir. Bu səbəbdən Ermənistanın Türkiyənin təsir dairəsinə verilməsi tamamilə mümkündür. Son günlər Ermənistan mətbuatında Zəngəzura nəzarətin Türkiyə ilə yanaşı ABŞ-yə veriləcəyi barədə də iddialar var. Bugünlərdə isə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı İstanbulda keçirilən görüşdə əməkdaşlıq perspektivlərini, o cümlədən “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində yeni iqtisadi, logistika və ticarət imkanlarını müzakirə ediblər.
Görüşdə Qars və Gümrü arasında dəmir yolu əlaqəsinin bərpası imkanları, eləcə də “Tramp Marşrutu” layihəsi vasitəsilə hər iki ölkə üçün yeni iqtisadi, logistika və ticarət imkanları müzakirə olunub. Rəsmi Ankaranın regionda artan rolu, eyni zamanda, Rusiya və İranın dominant mövqelərinə balans yaratmaq baxımından strateji əhəmiyyət daşıyır, regiondakı çoxaktorlu güc dinamikasını Azərbaycan və Türkiyənin əlverişli mövqeyinə yönləndirir.
Qarabağ məsələsi birdəfəlik həll edildikdən sonra Türkiyənin Ermənistanla sərhədi açması da artıq Bakı üçün xüsusi həssas məsələ deyil. Baxmayaraq ki, rəsmi Ankara sərhədlərlə bağlı əsas şərt kimi sülh müqaviləsinin imzalanmasını önə sürür.
Qərbin Rusiyanın mövqelərini zəiflətmək üçün Türkiyə üzərindən qurduğu siyasət perspektiv olaraq nə vəd edir? Bu prosesə Rusiyanın cavabı nə ola bilər?

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”ay dedi ki, Qərb olmadan da, yaxın on il ərzində Türkiyə və Ermənistan yaxınlaşması gerçəkləşəcək: “İrəvan Moskvadan uzaqlaşdıqca, öz taleyinin hakimi olmağa çalışır. İşğalçı ölkədə referendum keçiriləndən, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılandan sonra vəziyyət bir qədər də yaxşılaşacaq. Zəngəzur dəhlizinin açılması ilə Ankara və İrəvan arasındakı iqtisadi-sosial yaxınlığın şkalası daha da yüksələcək. Digər tərəfdən, Ermənistan hər vəchlə Qərblə inteqrasiya yolunu tutmağa qərar verib. Fikrimcə, iki qonşu ölkə üçüncü tərəf olmadan münasibətlərini daha da inkişaf etdirərsə, o zaman bölgənin ümumi maraqlarına töhfə vermiş olacaq. Qərb indi Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmağa cəhd göstərir. Bu isə Kremlin maraqlarına uyğun deyil. Amma masanın o biri başında Türkiyənin olması indiki məqamda Rusiyanın da əl-qolunu bağlayır”.

Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimlinin fikrincə, Qərb yaranan boşluğu Türkiyə ilə doldurmağa cəhd edir, lakin ermənilər hələ də buna qısqanclıqla yanaşırlar: “Qərbin Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək üçün Türkiyə vasitəsilə qurduğu siyasət son illərdə regionun geosiyasi dinamikasında əhəmiyyətli dəyişikliklər yaradıb. Bu siyasət Ukrayna müharibəsi fonunda Rusiyanın zəifləməsindən istifadəyə yönəlib. Məqsəd Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaq və regionun Qərbə inteqrasiyasına nail olmaqdır. Ermənistan və Avropa İttifaqı arasında imzalanan Strateji Tərəfdaşlıq Gündəliyi bu prosesin əsas nöqtəsidir. Sənəd siyasi iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur. Həmçinin Ermənistanın enerji sisteminin Türkiyə ilə birləşdirilməsini dəstəkləyir. Bu, faktiki olaraq Ermənistanı Rusiyanın təsirindən qoparmaq cəhdidir.
Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanın Cənubi Qafqaza təsirinin azalması müşahidə edilir. Qərb Rusiyanın boş qoyduğu yeri Türkiyə ilə doldurmaqla, regionda balans yaratmağa çalışır. Bu, Türkiyənin NATO üzvlüyü və strateji muxtariyyəti sayəsində mümkün olur. Nəticədə Azərbaycanla Ermənistan arasında sülh prosesi sürətlənə bilər. Lakin Ermənistan tərəfində narahatlıqlar var. Bəzi erməni təhlilçilər Türkiyənin Rusiyanın yerini tutmasını milli təhlükəsizliklərinə təhdid kimi görürlər. Xüsusilə Zəngəzur dəhlizinə nəzarət mexanizmində Türkiyənin iştirakına ermənilər qısqanclıqla yanaşırlar. Əslində isə Zəngəzur dəhlizi regiona iqtisadi artım, infrastruktur inkişafı və stabillik vəd edir.
Rusiyanın bu prosesə cavabı çoxşaxəli ola bilər. Moskva artıq Ermənistana qeyri-dost addımlar atması barədə xəbərdarlıq edib. Ermənistanın sanksiyalara qoşulma çağırışlarına sərt reaksiya verib. Mümkün cavablar arasında iqtisadi təzyiqlər, hibrid təhdidlər və regionda alternativ ittifaqlar yer ala bilər. Lakin Rusiyanın təsiri zəifləyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması və Qərbə yaxınlaşması Moskvanın regionda monopoliyasını sona çatdıra bilər. Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı saxlayaraq region uğrunda Türkiyə və Qərblə rəqabəti gücləndirə bilər. Bu, Cənubi Qafqazı daha çoxaktorlu güc mərkəzinə çevirə bilər. Bununla belə, regionda qeyri-stabillik riskini də artıracaq.
Qərbin Türkiyə üzərindən siyasəti regionu Rusiyadan uzaqlaşdırmaqla yeni imkanlar yaradır. Lakin bu, yerli oyunçular olan Ermənistan və Azərbaycanın maraqlarını nəzərə almadan uğursuz ola bilər. Bu proses Qarabağ münaqişəsinin həllindən sonra regionun yenidən qurulması kimi qiymətləndirilə bilər. Ancaq Rusiyanın cavabının regionda yeni gərginliklər yaradacağını da istisna etmək olmaz. Çünki Rusiya regionda zəifləsə də tamamilə buranı tərk etməyib. Ona görə də ehtiyatı da əldən vermək olmaz".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






