İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəis əvəzi işçisinə ağır ittiham irəli sürüb

769 07.07.2026 16:11 Kriminal A A

Sumqayıt Apelyasiya Məhkəməsində baxılan əmək mübahisəsi zamanı səsləndirilən ifadələr yeni hüquqi mübahisəyə səbəb ola bilər. Musavat.com-un məlumatına görə, Şabran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin keçmiş əməkdaşı Vüsalə Balayeva deyir ki, qanunsuz işdən çıxarılması ilə bağlı apelyasiya baxışı zamanı cavabdeh qismində iştirak edən mərkəzin rəis əvəzi Asif Nəsibov məhkəmə zalında onun barəsində əsassız və şərəf və ləyaqətini ləkələyən fikirlər səsləndirib.

Vüsalə Balayevanın sözlərinə görə, üç hakimdən ibarət məhkəmə tərkibinin, katibin və digər iştirakçıların qarşısında onun guya narkotik vasitələrdən istifadə etdiyi barədə heç bir sübuta əsaslanmayan iddia irəli sürülüb.

"Əgər belə ağır ittiham səsləndirilirsə, bunun sübutu da olmalıdır. Mən istənilən vaxt narkoloji müayinədən keçməyə hazıram və nəticəni məhkəməyə təqdim edə bilərəm", - deyə Vüsalə Balayeva bildirib.

Onun sözlərinə görə, qarşı tərəf əmək münasibətlərinin pozulması ilə bağlı hüquqi arqumentlər təqdim edə bilmədiyi üçün diqqəti bu cür şər-böhtana yönəltməyə çalışır. "Bu, qanunsuz işdən çıxarılmanı ört-basdır etmək cəhdidir", – deyə o bildirib. Vüsalə Balayeva qeyd edib ki, 13 il işlədiyi müddətdə barəsində heç vaxt intizam tənbehi tətbiq edilməyib, xəbərdarlıq və ya töhmət almayıb, peşə fəaliyyəti ilə bağlı rəsmi irad bildirilməyib.

İddiaçı bildirib ki, əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün xəstəlik vərəqəsi (bülleten) açdıracağını əvvəlcədən rəhbərliyə bildirib və bunun üçün razılıq alıb.

"Xəstə olduğumu bildirdim, bülletenə çıxacağımı dedim. Asif müəllim buna etiraz etmədi. Amma bülletenlə evdə olduğum gün işdən çıxarıldım. Sonradan bülletenlə bağlı məlumatların sistemdən silindiyini gördüm", - deyə o bildirib. Onun sözlərinə görə, rəhbərlik hətta həkimə də niyə ona xəstəlik vərəqəsi açıldığı ilə bağlı irad bildirib. Vüsalə Balayeva bildirib ki, işdən çıxarılmazdan əvvəl Asif Nəsibov ondan maaş kartını təqdim etməsini tələb edib.
"Maaş kartımı verməyimi istədi. Mən bunu qanunsuz hesab etdiyim üçün imtina etdim. Bundan sonra mənə qarşı təzyiqlər başladı", – deyə o bildirib.

İddiaçının sözlərinə görə, həmin imtinadan bir neçə saat sonra o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilib. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sərdliyi ilə keçirilən ötən məhkəmə iclasında hakim əvvəlcə Vüsalə Balayevanın tələblərini dəqiqləşdirib. İddiaçı əvvəlki iş yerinə bərpa olunmasını, intizam tənbehi və işdən çıxarılma əmrlərinin ləğv edilməsini xahiş edib.

Hakimin "Hər hansı qanun pozuntusuna yol vermisinizmi?" sualına Vüsalə Balayeva belə cavab verib: "Heç bir hüquqazidd əməl törətməmişəm. İşimi həmişə vicdanla və məsuliyyətlə yerinə yetirmişəm". Daha sonra hakim cavabdeh Asif Nəsibovdan işçinin hansı əsaslarla işdən çıxarıldığını izah etməsini istəyib. Cavabdeh bu suala konkret hüquqi əsas göstərə bilməyib. Məhkəmə baxışı zamanı diqqət çəkən məqamlardan biri də cavabdeh tərəfin istinad etdiyi həmkarlar ittifaqı iclası ilə bağlı olub. Asif Nəsibov bildirib ki, Vüsalə Balayevanın məsələsi həmin iclasda müzakirə olunub və qərar qəbul edilib. Lakin məhkəmənin həmin iclasın protokolunu təqdim etmək tələbinə baxmayaraq, cavabdeh tərəf sənədi təqdim edə bilməyib. Bundan əlavə, məhkəmə tabel sənədlərindəki imzalarla bağlı surətlərin də təqdim edilməsini istəyib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Vüsalə Balayeva məhkəmə iclasında onun barəsində səsləndirilən iddialarla bağlı ayrıca şikayət hazırlayır. Şikayətdə məhkəmə zalında onun narkotik vasitələrdən istifadə etdiyi barədə sübutsuz iddianın səsləndirildiyi, bunun isə şərəf və ləyaqətini ləkələyən məlumat olduğu qeyd ediləcək.

Vüsalə Balayeva həmin ifadələrin məhkəmə protokolunda əks olunmasını, iddiaların hansı sübutlara əsaslandığının araşdırılmasını və qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini istəyəcəyini bildirib. Hazırda Sumqayıt Apelyasiya Məhkəməsində əmək mübahisəsi üzrə araşdırma davam edir.


E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR