Rusiyanın rəsmi statistika qurumu olan Rosstatın məlumatına əsasən, ölkə sakinləri artıq gəlirlərinin təxminən 39 faizini ərzağa xərcləyir.
Musavat.com xəbər verir ki, bu səviyyə sonuncu dəfə 2008-ci ildə qeydə alınmışdı və o vaxt göstərici 39,1 faiz təşkil edirdi. Daha yüksək pay isə yalnız 2000-ci illərin əvvəllərində müşahidə olunmuşdu.
Analitiklər hesab edir ki, əhalinin büdcəsində ərzaq xərclərinin belə böyük pay tutması iqtisadi baxımdan təhlükəli siqnaldır. Çünki bu göstərici adətən gəlirlərin aşağı olduğu ölkələr üçün xarakterik sayılır. Müqayisə üçün Hindistanda bu göstərici təxminən 44 faizdir, inkişaf etmiş dövlətlərdə isə 20 faizi keçmir — ABŞ-da cəmi 13 faizdir.
Rəsmi statistikaya görə inflyasiya və ərzaq qiymətlərinin artım tempi zəifləsə də, əhalinin gəlirləri artmaqda davam edir. Buna baxmayaraq, vətəndaşların üçdə birindən çoxu şəxsi maliyyə vəziyyətinin pisləşdiyini və qida almağa pul çatmadığını bildirir.
Musavat.com






