Bu gün səhər yuxudan tez oyandım. Otel otağımızın pəncərəsini açdım. Qarabağın sərin səhər havasını ciyərlərimə çəkdim. Bir müddət pəncərənin önündə dayanıb Xankəndiyə baxdım. Hər dəfə Qarabağa gələndə eyni hissləri yaşayıram.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycana hər səfərimdə yolumu mütləq Qarabağdan salmağa çalışıram. Mənim üçün bu, sadəcə səfər deyil. Bu, şəhidlərimizin canı bahasına geri qaytarılan torpaqlara mənəvi ziyarətdir. Bu torpağın hər qarışı qəhrəmanlıq tarixidir. Bu gün Xankəndinin küçələrində rahat gəziriksə, bunun arxasında Ali Baş Komandanın qətiyyəti və dəmir yumruğu, minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı, bütün xalqımızın iradəsi dayanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Pəncərədən baxarkən başqa bir mənzərə də gözümün önünə gəldi. Otuz ilə yaxın doğma yurd həsrəti yaşayan Qarabağ azərbaycanlıları artıq mərhələ-mərhələ öz evlərinə qayıdırlar. Bərpa olunan şəhərlər, yenidən salınan kəndlər, tikilən məktəblər, yandırılan ocaqlar… Əsl qələbə yalnız torpağın azad olunması deyil. Əsl qələbə həyatın geri qayıtmasıdır.

Bu düşüncələrlə səhər yeməyi üçün aşağı düşdüm. Elə həmin vaxt fransız mobil nömrəmə zəng gəldi. Telefonun ekranında Fransadakı evimizdən təxminən altı-yeddi kilometr aralıda yerləşən inşaat materialları mağazasının nömrəsi görünürdü. Azərbaycana gəlməzdən əvvəl evimizdə aparılacaq tikinti və təmir işləri üçün bütün materialları həmin mağazadan sifariş etmişdim. Biz tətildə olduğumuz müddətdə ustalar işləri davam etdirəcəkdilər.
Dəstəyi qaldırdım.
– Salam. Mən Davidəm.
Səsini dərhal tanıdım. Təxminən iki ildir həmin mağazada işləyir. Alış-veriş zamanı arabir rastlaşırıq. Mənim azərbaycanlı olduğumu da bilir.
– Bu gün evinizə çatdırılacaq inşaat materiallarını son dəfə birlikdə yoxlayaq. Bir azdan yük maşını yola çıxacaq. Təxminən on-on beş dəqiqəyə ünvanınızda olacaq. Evdəsiniz? Sizə uyğundur?
Siyahını açdı. Bir-bir bütün materialları oxumağa başladı. Mən isə təsdiqləyirdim.
Yoxlama başa çatanda yenidən soruşdu:
– Deməli, evdəsiniz?
Dedim:
– Xeyr. Hazırda Fransada deyiləm.
Qısa fasilədən sonra soruşdu:
– Haradasınız? Bakıdasınız?
Bir anlıq pəncərədən baxdığım şəhər gözümün önünə gəldi.
– Yox… Xankəndidəyəm.
Telefonun o biri başında sükut yarandı. Bir neçə saniyə… David uzun illər Xankəndində yaşamış ermənidir. Heç nə demədi. Sonra sanki özünü toparladı:
– Yaxşı… Materiallar on-on beş dəqiqəyə ünvanınızda olacaq.
Telefon danışığı bununla bitdi. Telefonu cibimə qoydum. Bir neçə dəqiqə əvvəl baxdığım şəhərə yenidən nəzər saldım. Düşündüm ki, həyat bəzən tarixin yaza bilmədiyini bir neçə saniyəlik sükutla izah edir. Mən Xankəndidə idim. Telefonun o biri başında isə vaxtilə bu şəhərdə yaşamış bir erməni Fransadakı evimin tikintisi üçün göndərilən materialları mənimlə birlikdə yoxlayırdı. Bu, adi telefon danışığı deyildi. Bu, Cənubi Qafqazın son qırx illik tarixinin kiçik bir fraqmenti idi.

Elnur Məcidli Qarabağda
1980-ci illərin sonlarından etibarən Qarabağ ermənilərinin bir hissəsinin xarici təsirlər və etnik şovinizm ideologiyasının təsiri altına düşməsi regionu ağır faciələrə sürüklədi. Bunun nəticəsində yüz minlərlə insan doğma yurdundan didərgin salındı, minlərlə insan həyatını itirdi, şəhərlər və kəndlər viran qaldı. Ən böyük faciə isə ondan ibarət idi ki, bu siyasətin bədəlini nə ideoloqlar, nə də onları dəstəkləyən xarici dairələr ödədi. Bədəli bu torpaqlarda yaşayan sadə insanlar ödədilər. Tarixdən nəticə çıxarmaq hər kəs üçün vacibdir.
Heç bir xalq başqa dövlətlərin geosiyasi maraqlarının alətinə çevrilməklə öz gələcəyini təmin edə bilməz. Xarici himayəyə bağlanan siyasi layihələr uzunömürlü olmur. Dayanıqlı gələcək yalnız beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün tanınması, qarşılıqlı etimad və əməkdaşlıq üzərində qurula bilər.

Yenidən Xankəndiyə baxdım. Şəhər sakit idi. Dağlardan əsən meh küçələri dolaşırdı. Bu gün burada həyat yenidən başlayır. Qarabağ azərbaycanlıları doğma yurdlarına qayıdır. Yeni evlər tikilir. Yeni məktəblər açılır. Yeni həyat qurulur. Və mən həmin səhər bir daha anladım ki, qələbənin ən böyük mənası torpağı geri almaq deyil. Qələbənin ən böyük mənası doğma torpağında azad nəfəs almaq, şəhidlərinin ruhuna dualar oxumaq və gələcək nəsillər üçün həyat qurmaqdır. Xankəndinin səhər havasını ciyərlərimə çəkərkən hiss etdiyim azadlıq duyğusu məhz bu idi.

Elnur Məcidli, Paris-Xankəndi






