İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya mediasında Venesuela–Ukrayna mübadiləsi mövzusu gündəmə gətirildi

567 18.12.2025 21:26 Dünya A A

Rusiyada hakimiyyətə yaxın "Telegram" kanalları və KİV-lər cümə axşamı LDPR-in qurucusu Vladimir Jirinovskinin arxiv videosunu yayaraq, Venesuelanı Ukraynaya dəyişmək ideyasını gündəmə gətiriblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, eyni mövqe Kremlin tərəfdarı olan politoloq tərəfindən də Kseniya Sobçakın Telegram kanalında səsləndirilib. Müzakirələr ABŞ-ın Venesuelaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı yayılan şayiələr fonunda başlayıb.

Jirinovskinin videosu 8 noyabr 2020-ci il tarixində yayımlanmış “Vladimir Solovyovla Bazar Axşamı” adlı təbliğat proqramından götürülüb. Həmin buraxılışda Co Baydenin ABŞ prezident seçkilərində qələbəsi müzakirə olunurdu. Videoda Jirinovski Donald Trampın 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gələcəyini deyir. O, həmçinin Trampa Venesuela məsələsində yardım göstərilməsinin ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinin dəyişdirilməsi qarşılığında mümkün ola biləcəyini iddia edir.

Son sutka ərzində bu video Vladimir Solovyovun Telegram kanalında, “Vesti”, “Komsomolskaya pravda”, Gazeta.ru, Lenta.ru, Moskva vilayətinin “360” telekanalı və “Argumentı i Faktı” saytlarında yayımlanıb.

Eyni zamanda, cümə axşamına keçən gecə Kseniya Sobçakın “Qanlı xanım” (“Кровавая барыня”) adlı Telegram kanalında Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumovun şərhi dərc edilib. Paylaşımda Venesuelanın “Ukrayna ilə bağlı müəyyən mübadilə predmetinə çevrilə biləcəyi” bildirilir.

Kremlin mövqeyini əks etdirən paylaşımlar Sobçakın Telegram kanalında mütəmadi olaraq dərc olunur. Dekabrın ortalarında o, RUDN Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Lazar Badalovla söhbət yayımlayıb; Badalov Mərkəzi Bankın Euroclear-a qarşı iddialarını “düzgün və məntiqli addım” adlandırıb. Elə həmin gün kanalda Naumovun şərhi dərc edilib; şərhdə bildirilirdi ki, Avropa İttifaqı və Ukrayna Trampın Rusiya–Ukrayna sülh prosesi üzrə danışıqlar təşəbbüslərini “pozmağa” və onu öz tərəflərinə çəkməyə çalışırlar.

Bu paylaşımları şərh edən The Wall Street Journal qəzetinin beynəlxalq məsələlər üzrə baş müxbiri Yaroslav Trofimov qeyd edib ki, Rusiya çox vaxt sahib olmadığı şeyləri dəyişməyi təklif edir.

“Rusiya analitikləri Tramp ilə xəyali razılaşma spekulyasiyalarından coşurlar — sən Venesuelanı alırsan, biz Ukraynanı (və bəlkə də Baltikanı). Klassik Kremlin praqmatizmi: biz bizdə olmayan bir şeyi istədiyimiz şeyə dəyişirik”, — deyə Trofimov X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR