Dnestryanı ətrafında hərbi əməliyyatlar Rusiyanın vəziyyətini daha da ağırlaşdıra, Qərblə qarşıdurmanı dərinləşdirə və əlavə risklər yarada bilər
Moldova və Ukrayna hakimiyyətləri Rusiya Silahlı Qüvvələrinin Dnestryanı (PMR) ərazisində yerləşən sülhməramlı kontingentinə təchizatla bağlı sərt məhdudiyyətlər tətbiq edib.
Musavat.com xəbər verir ki, Rusiya tərəfi yaranmış vəziyyəti “sülhməramlıların faktiki blokadasına yönəlmiş düşmən addım” kimi qiymətləndirir və bunun ərzaq təminatında ciddi çətinliklər yaratdığını bildirir.

Ukrayna mətbuatının məlumatına görə, Kiyev Dnestryanı ilə 450 kilometrlik sərhəd xəttində nəzarəti sərtləşdirib. Moldova hakimiyyəti də PMR ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib, sabit nəzarət məntəqələrindən kənar ərazilərdə hərəkətə nəzarət üçün mobil qruplar yerləşdirib.
Rusiya sülhməramlılarının mümkün blokadası fonunda Moskvanın hansı addımları ata biləcəyi ilə bağlı “Svobodnaya Pressa”ya açıqlama verən Geosiyasi Problemlər Akademiyasının təsisçisi, general-polkovnik Leonid İvaşov bildirib ki, mövcud şəraitdə Moldova Rusiya üçün dost ölkə deyil və Ukrayna ilə birgə atılan bu addımlar gözlənilən idi.
Onun sözlərinə görə, indiki rejimdə sülhməramlıların əvvəlki marşrutlarla təchizatı mümkün deyil və alternativ variantlar axtarılmalıdır. İvaşov ehtimal olunan çıxış yolları sırasında yerli bazardan ərzaq alınmasını, bunun üçün isə kontingentin sərəncamında yerli valyuta və ya avronun olmasının vacibliyini qeyd edib. O, həmçinin Tiraspol rəhbərliyinin vasitəçilik edə biləcəyini, eləcə də Slovakiya, Serbiya və digər keçmiş Varşava Müqaviləsi ölkələri üzərindən logistika imkanlarının nəzərdən keçirilə biləcəyini istisna etməyib.
Hərbi ssenarilərə toxunan general İvaşov Moldovaya qarşı güc tətbiqinin yanlış olacağını bildirib. Onun fikrincə, Dnestryanı ətrafında hərbi əməliyyatlar Rusiyanın vəziyyətini daha da ağırlaşdıra, Qərblə qarşıdurmanı dərinləşdirə və əlavə risklər yarada bilər. O, Tiraspol aerodromuna hərbi nəqliyyat təyyarələrinin göndərilməsinin də real olmadığını vurğulayıb.
Məsələ ilə bağlı “Svobodnaya Pressa”ya danışan politoloq və hərbi analitik Aleksandr Xramçixin isə bildirib ki, blokadanın daha əvvəl, xüsusilə 2022-ci ildə tətbiq edilməməsi onu təəccübləndirir. Onun fikrincə, mövcud mərhələdə Dnestryanıya güc yolu ilə çıxış əldə etmək real deyil və alternativ təchizat marşrutları da faktiki olaraq mövcud deyil.
Musavat.com






