İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada büdcə böhranı dərinləşir: Regionların yarısı kəsirlə işləyir – 169 milyardlıq “qara dəlik”

467 30.11.2025 20:41 Dünya A A

Rusiyanın iqtisadi vəziyyəti sürətlə pisləşir. Ölkənin yarıdan çox regionu 2025-ci ilin ilk doqquz ayını büdcə kəsiri ilə başa vurub və ümumi defisit 169,2 milyard rubla çatıb.

Bu barədə “Vedomosti” və digər aparıcı rus nəşrləri məlumat yayıb. Musavat.com xəbər verir ki, ötən ilin eyni dövründə regionlar 849 milyard rubl profisit əldə etmişdi, lakin bu il maliyyə balansı tam şəkildə dəyişib: gəlirlərin artım tempi xərclərin dinamikasına tab gətirməyib. Rəsmi statistikaya görə, gəlirlər 6,9% artdığı halda, xərclər 14,6% yüksəlib. Sosial öhdəliklərin genişlənməsi, maaşların indeksasiyası, müdafiə sektoruna əlavə ayırmalar və infrastruktur layihələrinin çoxalması regionların maliyyə yükünü xeyli ağırlaşdırıb.

Defisitlə işləyən regionlar arasında ən kritik vəziyyət Kemerovo vilayətində (43,9 mlrd), İrkutsk vilayətində (41,1 mlrd) və Yamal-Nenets dairəsində (38 mlrd) qeydə alınıb. Tümen, Novosibirsk və Nijni Novqorod vilayətləri də ciddi maliyyə çatışmazlığı ilə üzləşir. Ekspertlər bildirirlər ki, bu bölgələrdə vergi bazasının daralması və xərclərin sürətli artımı büdcə sabitliyini pozur. Əksinə, Moskva (269,4 mlrd profisit), Sankt-Peterburq (47,9 mlrd) və Tatarıstan (43,9 mlrd) kimi güclü iqtisadi mərkəzlər büdcə artıqlığı nümayiş etdirir ki, bu da regionlararası uçurumun daha da dərinləşdiyini göstərir.

İqtisadçıların fikrincə, vəziyyət rəsmi rəqəmlərdə görünəndən daha ağır ola bilər. Rusiya Maliyyə Nazirliyi ümumi kəsiri 139 milyard rubla qədər göstərsə də, müstəqil ekspertlər ilin sonuna real defisit yükünün 300 milyarda, hətta bundan 2–2,5 dəfə çox ola biləcəyini istisna etmirlər. Şirkət mənfəət vergisinin azalması, dövlət xərclərinin artması, sosial paketlərin genişlənməsi və regionların borc öhdəliklərinin yüksəlməsi əsas risklər sırasında göstərilir.

Rusiyada regionların yarısının kəsirə düşməsi ölkə iqtisadiyyatında “səssiz təlatüm”ün dərinləşdiyini göstərir. Artan xərclər, gəlirlərin zəif artımı, vergi bazasının daralması və müharibə xərclərinin artan yükü fonunda regionların maliyyə dayanıqlığı ciddi təhdid altındadır. Nəticədə Rusiya büdcə xəritəsi getdikcə iki yerə bölünür: zəngin paytaxt və iri sənaye regionları, həmçinin kəskin kəsirlə boğuşan əyalətlər. Mütəxəssislər bu prosesin yaxın illərdə sosial sabitliyə mənfi təsir göstərəcəyini, regionlar arasında iqtisadi tarazlığı daha da poza biləcəyini bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR