İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq millət vəkilindən SON DƏQİQƏ AÇIQLAMASI: “Bu, Konstitusiyaya ziddir”

1138 14.07.2026 13:16 Gündəm A A

“Konstitusiyamızda təhsil hüququ ilə bağlı müddəa var. Həmin müddəaya əsasən, hər bir valideyn övladının hansı dildə təhsil alacağını seçmək hüququna malikdir. Ona görə də rus məktəblərinin tamamilə bağlanması Konstitusiyada təsbit olunan bu hüququn məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Mən Ayaz Salayevə qarşı səslənən təhdidlərin də əleyhinəyəm. O, kinoşünasdır, öz fikrini bildirir və bunu kifayət qədər əsaslandırmağa çalışır”.

Bu sözləri Musavat.com-a açıqlamasında sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib.

ELİYEV ETİBAR.png (630 KB)

O qeyd edib ki, vaxtilə rus məktəbləri çox geniş yayılmışdı və həmin məktəblərin məzunları arasında görkəmli alimlər, rəssamlar, yazıçılar və başqa tanınmış şəxslər yetişib:

“İndi isə həmin məktəblərin sayı əvvəlki ilə müqayisədə xeyli azalıb. Bu gün dövlət kitabxanalarımızdakı kitab fondunun böyük hissəsi, təxminən 80 faizi rus dilindədir. Həmin kitablar vaxtilə SSRİ dövründə nəşr olunaraq bütün ittifaq respublikalarına göndərilmişdi. Bura dərsliklər, elmi ədəbiyyat, bədii əsərlər, fəlsəfə kitabları və digər nəşrlər daxildir. Kim onları oxuyub, kim oxumayıb, kim evindən çıxarıb, kimdə hələ də qalır - bu artıq başqa məsələdir”.

Etibar Əliyev Azər Həsrətin “rus məktəbləri tamamilə bağlanmalıdır” tələbinin əleyhinə olduğunu deyib. Onun fikrincə, rus dili bölməsindəki təhsilin keyfiyyəti hələ də daha yüksəkdir:

“Rus məktəblərinin tamamilə bağlanmasının tərəfdarı deyiləm. Bu gün valideyn övladının rus bölməsində təhsil almasını istəyirsə, Konstitusiyanın müvafiq maddəsi ona bu hüququ verir. Üstəlik, həmin məktəblərə qəbul zamanı böyük müsabiqə olur. Bu da göstərir ki, valideynlər arasında rus bölməsinə maraq hələ də qalır. Valideynlər bunun səbəblərini də açıq şəkildə izah edirlər. Onlar hesab edirlər ki, rus bölməsində təhsilin keyfiyyəti Azərbaycan bölməsi ilə müqayisədə daha yüksəkdir. Eyni zamanda rus bölməsində oxuyan uşaqların valideynlərinin xərci də bəzi hallarda Azərbaycan bölməsi ilə müqayisədə daha az olur. Bundan başqa, rus dilində dərsliklərin və elmi, bədii ədəbiyyatın çeşidi daha genişdir”.

Etibar Əliyev onu da vurğulayıb ki, bu gün rusdilli məktəblərdə ciddi problemlər var:

“Ən böyük problemlərdən biri müəllim çatışmazlığıdır. Xüsusilə ibtidai sinifdən sonra yuxarı siniflərdə fizika, riyaziyyat, kimya, biologiya kimi fənlər üzrə müəllim tapmaq çox çətindir. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Əvvəllər ali məktəblərə qəbul olan gənclər məmnuniyyətlə bu ixtisasları seçir, müəllim olmağa can atırdılar. İndi isə belə maraq yoxdur. Təsadüfən həmin ixtisasa qəbul olanların da əksəriyyəti sonradan müəllim kimi çalışmır. Bu ciddi müəllim problemi rus bölmələrinin sayının azalmasına təsir göstərən əsas amillərdən biridir”.

E.Əliyev rus bölmələrinin ödənişli olması təklifinə də münasibət bildirib:

“Mən bunun nə dərəcədə düzgün olacağını bilmirəm. Çünki rus məktəbləri ödənişli olarsa, ingilisdilli məktəblərdən fərqli olaraq, ora uşaq axını xeyli azalacaq. Bu gün valideynlər ingilisdilli məktəblərə ildə 15 mindən 40 min manata qədər vəsait ödəyirlər. Çünki onların gözünün qarşısında konkret perspektiv var. Bilirlər ki, ingilis dili övladlarının gələcək karyerasına müsbət təsir göstərəcək. Çünki bu gün beynəlxalq ünsiyyətin, elmin, texnologiyanın və ədəbiyyatın əsas dili ingilis dilidir. Rus dili isə artıq əvvəlki mövqeyində deyil. Bu gün rus dili daha çox insanın savadının, dünyagörüşünün formalaşmasına xidmət edən dillərdən biri kimi qalır. Amma karyera baxımından ingilis dili ilə müqayisədə əvvəlki üstünlüyünü böyük ölçüdə itirib. Ona görə də düşünürəm ki, bu prosesi inzibati yollarla dayandırmaq mümkün deyil. Burada əsas məsələ Konstitusiyada təsbit olunmuş hüquqlardır. Valideynin övladına dilindən asılı olmayaraq məktəb seçmək hüququ var və buna istinad etmək lazımdır. Əgər sabah çin dilində məktəb açılsa, valideyn övladını ora qoymaq istəyə bilər. Yaxud yapon dilində məktəb fəaliyyət göstərsə, eyni hüquq həmin valideynə də aiddir. Məhz buna görə də bu gün rus bölməsində oxuyan uşaqların valideynlərinin həmin seçimi etmələrinin müəyyən əsasları var və onlar bunu arqumentlərlə izah edə bilirlər. Söhbət də məhz bundan gedir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR