İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda 8 aydır dağılan körpü bərpa olunmur - 8 kəndin sakinləri çətin durumda – FOTOLAR

594 18.12.2025 16:51 Ölkə A A

 

Şabran rayonunun Vələsli kəndi ərazisində yerləşən, bu kənd də daxil olmaqla 8 yaşayış məntəqəsini - Ceyranlı, Əmirxanlı, Qalaaltı, Çinarlar, Pirəbədil, Qorğan, Qazbabalını birləşdirən avtomobil körpüsü artıq 8 aydır ki, faktiki olaraq yoxdur.

Bu ilin aprelində güclü sel sularının təsiri ilə Şabrançay üzərində yerləşən körpü dağılıb. Selin vurduğu zərbədən daha ağır olanı ardınca gələn müvafiq qurumların biganəliyidir. Məşhur “Qalaltı” İstirahət Mərkəzinə də yol Vələsli ərazisində yerləşən körpüdən gedir. Bu körpüdən 8 kəndin sakinləri gündəlik istifadə edirdi. İndi isə həmin kəndlər üçün rayon mərkəzinə yol ya çətinləşib, ya da kilometrlərlə uzanıb. Hazırda avtomobillər birbaşa çayın içindən keçərək hərəkət edir. Piyadalar üçün müvəqqəti keçid qurulsa da, suyun səviyyəsi qalxan kimi bu yol da bağlanır. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Ərazidə olduğumuz zaman minik avtomobillərinin suyun içindən keçməyə məcbur qaldığını müşahidə etdik. Sürücülər deyir ki, bu yol maşınları sıradan çıxarır, hər keçid bir riskdir.

“İndi su azdır, keçirik. Yağış yağanda maşının içi də su ilə dolur. Yol bağlananda 20-30 kilometr artıq yol getməli oluram”,  deyə sürücü Kənan Həsənli bildirir.

Körpünün olmaması valideynləri hər gün narahatlıq içində saxlayır. Körpünün dağılması yalnız gediş-gəlişi deyil, insanların dolanışığını da çətinləşdirib. “Təsərrüfatım çayın bu tərəfindədir, evim o biri tərəfində. Ot yükləyib keçə bilmirəm, 9 kilometr dolanmalı oluram”, digər sakin bildirir.

Sel təbiət hadisəsidir. Amma 8 ay ərzində bir körpünün bərpa olunmaması artıq təbiətin deyil, yerli və müvafiq  qurumların idarəetmə problemindən yaranır. Bu müddətdə nəqliyyat əziyyəti çəkən də, risk altında qalan da, əlavə xərcə düşən də sadə vətəndaşdır. Şabranın Ceyranlı, Əmirxanlı, Qalaaltı, Vələsli , Çinarlar, Pirəbədil, Qorğan, Qazbabalı kəndlərinin sakinləri suyun çəkilməsini deyil, körpünün tezliklə bərpa edilməsini gözləyirlər. İnsanların səbrini də sınağa çəkən məhz sonu görünməyən biganəlikdir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR