Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çehraqanlı İranın devrilmiş şahının oğlu Rza Pəhləvi ilə əməkdaşlıqdan imtina etdiyi barədə açıqlama yayıb.
Mahmudəli Çehraqanlı bununla bağlı deyib: “Pəhləvi məni çağırdı. Məni satın almağa çalışdılar. Güney Azərbaycanın valisi olacağımı söylədilər.Onun atası 35 min türkə təcavüz edərək qətlə yetirib. Nə şahçıyıq, nə də şeyxçi: Türk millətçisiyik”.

Buradan iki sual meydana gəlir: Rza Pəhləvi İranda hakimiyyətə gələcəyini bu qədərmi real sayır ki, artıq vəzifələrə adam seçir? Çehraqanlının cavabı indiki vaxtda doğru cavabdırmı?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Rza Pəhləvinin dünyanın müxtəlif yerlərində yaşayan və rejimdən narazı olan iranlı fəallarla görüşməsi təəccüblü deyil.
47 ildir ABŞ-də yaşayan və bir çox Qərb siyasi dairələri tərəfindən himayə olunan Pəhləvi hesab edir ki, İranda rejim dəyişərkən hakimiyyətə gələ bilər:
“Amma reallıq fərqli mənzərəni qarşımıza qoymaqdadır. Belə ki, İran əhalisinin əhəmiyyətli hissəsi şah rejiminin iyrəncliklərini hələ unutmayıb və molla rejiminin gedib monarxiya rejiminin yaranmasının əleyhinədir. Pəhləvinin keçirdiyi görüşlərə gəlincə, şahın oğlu bununla Qərb dairələrinə göstərmək istəyir ki, o, İran cəmiyyətinin müxtəlif təbəqələri ilə münasibətlər qurur və geniş dəstəyə malik olmağı hədəfləyib. İran cəmiyyətinə də bu mesajı vermək istəyir ki, o, İrandan kənarda yaşayan siyasi qüvvələrlə təmaslar qurmaqla ən geniş və əhatəli bütün kəsimləri təmsil edəcək hökumət qura bilər. Amma o bunu edə biləcəkmi? Buna qətiyyən əmin deyiləm. Çünki bu şəxsin atasının, babasının İranda törətdikləri heç kimin yadından çıxmayıb. Onun özünün də liderlik potensialı olmadığı üçün cəmiyyətdə geniş dəstək alması çətindir”.
Politoloq hesab edir ki, Mahmudəli Çehraqanlının şahın oğluna cavabı sərt və doğrudur:
“Güney Azərbaycan türklərinin əhəmiyyətli hissəsi son aksiyalar zamanı öz mövqeyini ortaya qoydu. Faktiki olaraq, prosesdən kənarda durmaqla şah rejiminin bərpası məsələsi ortaya çıxanda öz mövqeyini bəyan elədi. Bildirdi ki, nə hazırkı teokratik rejimi, nə də monarxiya rejiminin bərpasını istəmir. Bu baxımdan Çehraqanlının cavabı doğrudur”.
Etibar Seyidağa,
Musavat.com






