Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 24 fevral tarixli iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, spiker deyib ki, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədib:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir”.
Sahibə Qadarova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub:
“Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb”.
Daha sonra spikerin təklifi ilə Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsi sayğı duruşu ilə, 1 dəqiqəlik sükutla yad edilib.
E.Paşasoy,
Musavat.com






