İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki bitdi, qadağalar qalır – Ermənistan seçim qarşısında

167 28.07.2026 14:27 Dünya A A

Ermənistan hakimiyyətinin seçkilərdən sonra Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin aradan qalxacağına dair gözləntiləri özünü doğrultmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli iqtisadçı Aqasi Tavadyan Aysor.am-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət əvvəlcə məhdudiyyətlərin yalnız seçkilərədək davam edəcəyini və bundan sonra vəziyyətin normallaşacağını düşünüb. Lakin qadağaların qüvvədə qalması Ermənistan hakimiyyətini çətin vəziyyətə salıb.

Tavadyan hesab edir ki, Nikol Paşinyanın məsələ ilə bağlı Vladimir Putinə telefonla müraciət etməsi də problemin ciddiliyini göstərir. Tavadyan xatırladıb ki, seçki kampaniyası zamanı Paşinyan sahibkarları narahat olmamağa çağırır, hökumətin subsidiya verəcəyini və məhsulların Avropa İttifaqı bazarına yönəldilə biləcəyini bildirirdi. Lakin Tavadyana görə, hazırkı mənzərə fərqlidir. Ermənistandan ixrac edilən çəyirdəkli meyvələrin təxminən 94, pomidor və kəsilmiş güllərin isə 95 faizi Rusiya bazarı üçün nəzərdə tutulub.

“İstehsalçılar məhsullarını Aİ ölkələrinə göndərməyi planlaşdırmayıblar. Çünki həmin məhsullar Avropa standartlarına və digər tələblərə uyğun deyil. Logistika problemi də var. Məhsulların Avropaya göndərilərkən yolda xarab olduğu hallar yaşanıb”, – iqtisadçı bildirib.

Onun sözlərinə görə, bəzi sahibkarlar çıxış yolunu məhsulları Gürcüstan üzərindən Rusiyaya çatdırmaqda tapıblar. Mallar Gürcüstana aparılır, orada gürcü məhsulu kimi rəsmiləşdirilir və gömrük ödənişlərindən sonra Rusiyaya göndərilir. Bu isə ixracatçıların xərclərini artırır.

Tavadyan daha bir diqqətçəkən rəqəm açıqlayıb: 2018-ci ildən bəri Ermənistanın Rusiyaya ixracı təxminən səkkiz dəfə artdığı halda, Aİ ölkələrinə ixrac nəinki artmayıb, hətta təxminən 1 faiz azalıb. Onun proqnozuna görə, ilin sonunadək balıqçılıq təsərrüfatlarının əhəmiyyətli hissəsi fəaliyyətini dayandıra bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR