İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdəbilli yeniyetmənin ifası duyğulandırdı – Deputatdan ilginc səfər qeydləri - VİDEO FOTO

417 28.07.2026 14:08 Siyasət A A

Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən ənənəvi “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” məclislərində iştirak edib.

Musavat.com-un məlumatına görə, ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Ceyhun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil ediblər.

AMEA-dan verilən məlumata görə ki, Şeyx Səfi kompleksində keçirilən “Ərdəbil həftəsi” və “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü”nün rəsmi açılış mərasimində Ərdəbil Vilayətinin Ostandarı, İran İslam Respublikası Ali Dini Rəhbərinin nümayəndəsi, İranın mədəniyyət naziri, Gilan Vilayətinin Ostandarı, İranın tanınmış səfəvişünas alimləri çıxış ediblər.

WhatsApp Image 2026-07-28 at 13.04.35 (1).jpeg (78 KB)

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli “Tarixdə Səfəvilər – Ərdəbililər və Şeyx Səfiəddin Ərdəbili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan-İran elmi-mədəni əlaqələri fonunda ortaq tariximizə və mədəniyyətimizə böyük töhfələr vermiş Səfəvi və Ərdəbili soyadlı görkəmli şəxsiyyətlərin xidmətlərindən bəhs edilib, Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə”sindəki şeirlərin və hekayələrin ədəbiyyat tarixindəki yeri və əhəmiyyətindən söz açılıb. Eyni zamanda, yeni tarixi dövrdə Azərbaycan–İran elmi-ədəbi və mədəni əlaqələrinin daha da genişləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli İranın mədəniyyət naziri, Ərdəbil Vilayətinin Ostandarı və Müqəddəs Ərdəbili adına Ərdəbil Dövlət Universitetinin rektoru ilə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi sahəsində apardığı məqsədyönlü siyasətin konkret nəticələri, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni tarixi mərhələdə təşkili məsələləri müzakirə olunub. Tərəflər 2027-ci ildə Şah İsmayıl Xətainin anadan olmasının 540 illiyi münasibətilə Bakıda və Ərdəbildə beynəlxalq elmi konfransların keçirilməsi, Səfəvi tarixinə dair ortaq tədqiqatların aparılması, bu sahə üzrə zəruri elmi əsərlərin mübadiləsi və tərcümə edilməsi və ortaq mədəniyyətimizin müxtəlif sahələrinə dair sərgilərin təşkili barədə razılıq əldə ediblər.

WhatsApp Image 2026-07-28 at 13.04.36.jpeg (64 KB)

Görüşlərdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edib, təklif və mülahizələrini bildiriblər.

Ceyhun Məmmədovun İran İslam Respublikasının Ərdəbildən olan deputatları ilə görüşündə ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Ərdəbil şəhərindəki qədim Şeyx Səfi Sarayı Kompleksini, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin və onun ulu babası, Səfəviyyə təriqətinin yaradıcısı Şeyx Səfiəddin Ərdəbilinin heykəllərini ziyarət edib. Səfərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulu Taleh Zöhrabov nümayəndə heyətini müşayiət edib.

Ərdəbildə keçirilən silsilə tədbirlərə qatılan Milli Məclisin deputatı Ceyhun Məmmədov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, Ərdəbil Həftəsi çərçivəsində Azərbaycan sevgisini qəlbində yaşadan insanlarla görüşmək onun üçün unudulmaz anlardan biri oldu:

“Görüş zamanı gənc soydaşlarımızdan biri böyük səmimiyyət və sevgi ilə Rauf Hacıyevin musiqisinə, Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş “Azərbaycanım” mahnısını ifa etdi. Mahnının hər misrasında Vətənə bağlılıq, milli kimliyə sədaqət və doğma yurda sonsuz məhəbbət hiss olunurdu. Bu duyğulu ifa bir daha göstərdi ki, dilimiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz sərhəd tanımır. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan sevgisi qəlbləri birləşdirən ən möhkəm bağlardan biridir”.

Təəssüratlarını bölüşərkən millət vəkili əlavə edib ki, belə görüşlər ortaq tariximizin, zəngin mədəni irsimizin və milli dəyərlərimizin yaşadığını, nəsildən-nəslə ötürüldüyünü bir daha nümayiş etdirir:

“Məhz bu mənəvi bağlar xalqlarımız arasında dostluğun, qarşılıqlı hörmətin və anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan sevgisi yaşadıqca, milli kimliyimiz də yaşayacaq, ortaq dəyərlərimiz isə gələcək nəsillər üçün ən qiymətli mənəvi miras olaraq qalacaq”.

Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında milli musiqimizi məharətlə ifa edən yeniyetmənin Ərdəbildən olduğunu bildirib. Qeyd edib ki, Tural Gəncə adlı bu istedadlı yeniyetmənin ifası İranda da geniş rezonans doğurub.

C.Məmmədov Ərdəbil Həftəsi çərçivəsində keçirdiyi rəsmi görüşlərlə bağlı da açıqlama verib:

“Ərdəbil əyalətinin valisi Məsud İmami Yeganə ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin hazırkı vəziyyəti, regionlararası əməkdaşlığın genişləndirilməsi, iqtisadi, ticarət, mədəni-humanitar və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi apardıq. Müzakirələr zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin Azərbaycan - İran münasibətlərinin inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və yüksək səviyyəli siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyi vurğulandı. Eyni zamanda, iki ölkəni birləşdirən tarixi, dini və mədəni bağların qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edildi”.

Görüşdə regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin iqtisadi münasibətlərin inkişafına, investisiya imkanlarının artmasına, ticarət dövriyyəsinin genişlənməsinə, mədəni-humanitar əməkdaşlığın və turizm əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi bildirildi.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, regionlararası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulandı”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR