İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərdar Cəlaloğlunun Sahibə Qafarova barədə iddiasına deputat Badamov sərt cavab verdi

2349 07.07.2026 19:25 Ölkə A A

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Milli Məclisin spikeri Sahibə Qafarova barədə səsləndirdiyi fikirlər siyasi gündəmdə geniş müzakirələr doğurub. Onun xanım spikeri Azərbaycan Slavyan Universiteti ilə əlaqələndirərək "Rusiyanın maraqlarına xidmət etməkdə" ittiham etməsi və həmin ali təhsil ocağını Rusiyanın maraqlarını müdafiə edən mərkəz kimi təqdim etməsi etirazla qarşılanıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov sərt mövqe ortaya qoyaraq səsləndirilən iddiaları əsassız, hüquqi və siyasi baxımdan qəbuledilməz adlandırıb. O bildirib ki, istənilən siyasətçinin tənqid hüququ var, lakin dövlətin ali qanunverici hakimiyyət orqanının rəhbərliyi haqqında heç bir sübuta söykənməyən ağır ittihamlar səsləndirmək nə siyasi mədəniyyətə, nə də konstruktiv müxalifət anlayışına uyğun gəlir.

Sitat: "Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun "TikTok" sosial şəbəkəsində səsləndirdiyi fikirlər məni bu yazını qələmə almağa vadar etdi. Onu təcrübəli və savadlı siyasətçi kimi tanıyıram. Lakin Slavyan Universitetini hansısa xarici dövlətin maraqlarını müdafiə edən mərkəz kimi təqdim etməsini doğru hesab etmirəm. Bu yanaşma həm həmin ali təhsil müəssisəsinə, həm də orada təhsil almış və çalışmış minlərlə insana qarşı ədalətli deyil.

Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Slavyan Universitetində təhsil alaraq peşəkar mütəxəssis kimi formalaşmış on minlərlə vətəndaşımız bu gün ölkəmizin müxtəlif sahələrində ləyaqətlə çalışır, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini verir. Hər hansı bir ali məktəbi bitirmək və ya orada çalışmaq heç də başqa bir dövlətin maraqlarına xidmət etmək anlamına gəlmir. Belə bir yanaşma nə hüquqi, nə də məntiqi baxımdan əsaslandırılmış sayıla bilməz.

Müasir dünyada xarici dilləri mükəmməl bilən, yüksək peşəkarlığa malik mütəxəssislərin hazırlanması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan da bu baxımdan istisna deyil. Rus, ingilis, fransız, alman, ispan, ərəb, çin və digər dilləri mükəmməl bilən mütəxəssislərin yetişdirilməsi ölkəmizin intellektual potensialını artırır, beynəlxalq əlaqələrinin genişlənməsinə, diplomatiyasının güclənməsinə, elm, təhsil, iqtisadiyyat və digər sahələrin inkişafına mühüm töhfə verir. Xarici dilləri bilmək heç vaxt hansısa dövlətə bağlılıq göstəricisi olmayıb, əksinə, bu, müasir dövrdə rəqabət üstünlüyü yaradan əsas amillərdən biridir.

Bu baxımdan hesab edirəm ki, gənclərimizin dünya dillərini dərindən öyrənməsi üçün dövlət tərəfindən yaradılmış imkanlardan maksimum istifadə edilməli, çoxdilli və yüksək ixtisaslı kadrların hazırlanması bundan sonra da prioritet istiqamətlərdən biri olmalıdır".

Deputat onu da qeyd edib ki, Sahibə Qafarovanın guya "Rusiyanın adamı" olması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassız və qəbuledilməzdir: "Sahibə xanım uzun illərdir dövlət idarəçiliyində və parlament fəaliyyətində ölkəmizə xidmət göstərən təcrübəli siyasi xadimdir. Onun rəhbərliyi dövründə Azərbaycan Respublikası Milli Məclisi parlament diplomatiyasının inkişaf etdirilməsi, ölkəmizin haqlı mövqeyinin beynəlxalq platformalarda müdafiə olunması, Azərbaycanın milli maraqlarının dünya ictimaiyyətinə çatdırılması və dövlət siyasətinin qanunvericilik müstəvisində uğurla həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərib.

Azərbaycan parlamentinin rəhbərliyinin fəaliyyətini tənqid etmək hər bir siyasi qüvvənin hüququdur. Lakin bu tənqid faktlara söykənməli, hüquqi və siyasi arqumentlərlə əsaslandırılmalıdır. Heç bir sübuta əsaslanmadan dövlətin ali qanunverici hakimiyyət orqanının rəhbərliyi haqqında ağır ittihamlar səsləndirmək nə siyasi mədəniyyətə, nə də konstruktiv müxalifət anlayışına uyğun gəlir.

İnanıram ki, iqtidarından və ya müxalifətindən asılı olmayaraq, hər bir siyasətçinin əsas məqsədi Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması və xalqımızın rifahına xidmət etmək olmalıdır. Konstruktiv müxalifət demokratik cəmiyyətin ayrılmaz hissəsidir və dövlətin inkişafına müsbət töhfə verir. Lakin radikal mövqedən çıxış edərək dövlət institutlarını əsassız şəkildə hədəfə almaq, onların nüfuzuna xələl gətirməyə çalışmaq ölkənin siyasi mühitinə və milli həmrəyliyə xidmət etmir.

Bu gün Azərbaycan dövlətçiliyi hər birimiz üçün ən ali dəyərdir. Fərqli siyasi baxışlara malik ola bilərik, lakin dövlətimizin əsas institutlarına münasibətdə məsuliyyətli davranmalı, milli maraqları hər zaman siyasi polemikadan üstün tutmalıyıq".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR