İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səssiz qatil” yenə iş başında: Dəm qazı qış başlamadan can alır

682 02.12.2025 13:35 Gündəm A A

Nüsrət Qasımov: “Sadə bir detektor həyat xilas edir, amma hələ də ölkəmizdə məcburi deyil”

Qış mövsümü yaxınlaşdıqca dəm qazından zəhərlənmə halları yenidən gündəmə gəlir və təhlükə statistikası kəskin şəkildə artır. Respublikanın müxtəlif bölgələrində ard-arda baş verən hadisələr bir daha göstərir ki, əhali arasında maarifləndirməyə, eləcə də məişət cihazlarının texniki baxışına ciddi ehtiyac var.

“Report”un Qərb bürosunun məlumatına görə, Samux rayonunun Hacılı kəndində faciəvi hadisə qeydə alınıb. 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və onun həmyaşıdı olan həyat yoldaşı Maya Musayeva ev şəraitində dəm qazından boğularaq dünyalarını dəyişiblər. İlkin araşdırmalar onların yaşadıqları evdə qızdırıcı sistemlərdən qaynaqlanan qaz sızmasının baş verdiyini göstərir.

Bundan bir neçə gün əvvəl isə Gəncə şəhərində dəm qazından zəhərlənmə ilə bağlı daha bir hadisə baş verib. Şəhər sakini olan iki nəfərin vaxtında xəstəxanaya çatdırılması sayəsində onların həyatını xilas etmək mümkün olub və hazırda hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bu kimi hallar bir daha sübut edir ki, dəm qazı insan orqanizminə heç bir xəbərdarlıq etmədən, qısa müddətdə təsir edən və ölümcül nəticələrə səbəb ola bilən “səssiz qatil”dir.

Ekspertlərin sözlərinə görə, zəhərlənmələrin əsas səbəblərindən biri evlərdə quraşdırılan və “pitiminutka” kimi tanınan su qızdırıcılarıdır. Bu cihazların düzgün quraşdırılmaması, hermetikliyin pozulması və bacaların tıxanması dəm qazının yaşayış otaqlarına dolmasına şərait yaradır.

Mütəxəssislər xəbərdarlıq edir ki, qış mövsümü başlamazdan əvvəl bütün evlərdə bacalar mütləq təmizlənməli, qızdırıcı cihazlara texniki xidmət göstərilməli, tüstü yolları yoxlanmalıdır. Xüsusilə hamam otaqlarında quraşdırılan su qızdırıcılarının təhlükə yaratdığı vurğulanır. Bu səbəbdən belə cihazların qapalı məkanlardan çıxarılıb eyvanda və ya açıq havaya yaxın, ventilyasiyası güclü yerlərdə yerləşdirilməsi məsləhət görülür.

Son illər həm mütəxəssislər, həm də fövqəladə hallar üzrə qurumlar evlərdə CO (karbonmonoksid) detektorlarının quraşdırılmasını israrla tövsiyə edirlər. Bu cihazlar dəm qazının ən kiçik artımını belə dərhal aşkar edir, səsli siqnal vasitəsilə sakinləri xəbərdar edir və faciələrin qarşısını almaqda əvəzsiz rol oynayır. Xüsusilə fərdi evlərdə, köhnə qızdırıcı sistemi olan mənzillərdə və mərkəzləşdirilmiş havalandırmasız obyektlərdə belə detektorlar həyati əhəmiyyət daşıyır.

NUSRET.jpg (163 KB)

Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov Musavat.com-a danışıb:

“Lazımdır ki, televiziya və digər media orqanları bu mövzuya daha ciddi yanaşsın, studiyalara mütəxəssisləri dəvət etsin, onların rəyini öyrənsin və əhali üçün maarifləndirici proqramlar hazırlansın. Qaz təchizatçıları da öz növbəsində əhalinin təhlükəsizliyini təmin etmək üçün ardıcıl, sistemli və ciddi işlər görməlidirlər.

Qaz strateji obyekt sayılır, yüksək təhlükə mənbəyidir və eyni zamanda həyat üçün vacib enerji resursudur. Qaz cihazlarından hər hansı sızma baş verirsə, bu ilkin olaraq adətən hiss olunmur. Məhz buna görə dünyada qəbul olunmuş standartlara uyğun olaraq təbii qaza xüsusi iyverici maddə - azonat əlavə olunur. Qış aylarında hər kubmetr qaza təxminən 16 qram, yayda isə 8 qram azonat maddəsi qatılır. Bu maddə çürük yumurta qoxusuna bənzər iy yayır. Məqsəd odur ki, qaz sızması baş verərsə, insanlar bunu qoxudan dərhal hiss etsin və tədbir görə bilsinlər”.

Ekspert qaz sızması zamanı görüləcək təhlükəsizlik tədbirlərindən danışıb:

“Əgər qaz qoxusu hiss edilirsə, ilk növbədə bütün qapı və pəncərələr açılmalı, otağın havası dəyişdirilməlidir. Bu anda ən çox edilən ölümcül səhvlərdən biri işıq yandırmaq, siqaret çəkmək və ya kibrit yandırmaqdır. Bu qəti şəkildə qadağandır. Çünki qığılcım ən kiçik qaz konsentrasiyasını belə partlayışa səbəb edə bilər.

Qapalı məkanda qazın konsentrasiyası ümumi həcmə görə cəmi 4-5 faiz həddinə çatdıqda artıq partlayış riski yüz faizə yaxınlaşır. Bu o deməkdir ki, heç bir səhlənkarlığa yol vermək olmaz,təhlükəsizlik tədbirləri dərhal görülməlidir”.

Mütəxəssis həmçinin bildirib ki, evlərdə qaz detektorlarının quraşdırılması həyati vacibdir:

“Detektor nədir? Bu cihazın sensorları metan, etan, propan kimi yanar qazların buxarlarını hiss etdikdə səs siqnalı verir. Siqnal eşidildiyi an ev sakinləri dərhal başa düşür ki, sızma var və təhlükəsizlik tədbirləri görürlər. Lakin Azərbaycanda detektorun quraşdırılması məcburi deyil. Bu, çox böyük boşluqdur. Dünyanın əksər inkişaf etmiş ölkələrində qaz detektoru məcburi şəkildə quraşdırılır və rəsmi qurumlar tərəfindən nəzarət edilir.

Zirzəmilər və yeraltı iş sahələri isə xüsusilə risklidir. Çünki küçələrin altında minlərlə kilometr qaz kəmərləri var və bu kəmərlərin istismar müddəti çox vaxt 30 ili keçir. 40-50 il nəzarətsiz qalmış kəmərlərdə sızma ehtimalı olduqca yüksəkdir. Yerin tərpənməsi və ya torpaq çökməsi də sızmanı artıran amildir. Bu səbəbdən zirzəmilərdə qazın olub-olmadığını yoxlayan detektorlar mütləq quraşdırılmalıdır.

Xatırlayırsınızsa, ötən il bir kitab mağazasında yeraltı kəmərdən sızan qazın yığılması nəticəsində güclü partlayış olmuşdu. Halbuki həmin obyektin özündə qaz sistemi yox idi. Sadəcə mağazanın qapısını açıb işığı yandıran şəxs fərqində olmadan partlayışa səbəb olmuşdu. Bu cür hadisələr göstərir ki, nə nəzarət yetərlidir, nə də tələb olunan avadanlıqlar quraşdırılır”.

Nüsrət Qasımov qeyd edib ki, dəm qazından zəhərlənmələrin əsas səbəbi tüstü bacalarının düzgün quraşdırılmamasıdır:

“Tüstü bacası qaz yanan cihazdan çıxan tüstünü və karbon monoksidi tamamilə uzaqlaşdırmalıdır. Bunun üçün bacanın ucu damdan ən azı yarım metr hündür olmalı, üzərində isə "papaq" adlanan qoruyucu olmalıdır.

Bəzi evlərdə tüstü borusu pəncərədən çıxarılır, bəzilərində divar deşilərək boru kənara uzadılır. Bu, tamamilə səhvdir. Çünki bu halda tüstünün çıxma sürəti çox zəif, saniyədə cəmi millimetr olur. Halbuki Bakıda küləyin sürəti tez-tez 40 m/s-ni keçir. Bayırdan gələn güclü külək tüstünü geri otağa doğru itələyir və karbon monoksid evə dolur. Bu qaz tamamilə qoxusuz, rəngsiz və görünməzdir. Onu hiss etmək mümkün deyil. İnsanlar qazı yandırıb yatdıqda bir neçə dəqiqə ərzində zəhərlənərək həyatını itirə bilər.

Karbon monoksid yalnız qazdan deyil, neft, odun, kömür, plastik və digər maddələrin yanmasından da əmələ gəlir. Yəni bu, universal zəhərdir və təhlükəsi çox yüksəkdir.
Qaz cihazı işləyən məkanda uzun müddət oturmaq, yatmaq, istirahət etmək, hətta kitab oxumaq belə olmaz. Əgər çay dəmlənibsə, yemək bişibsə, cihaz dərhal söndürülməlidir. Mətbəxdə və qazla işləyən bütün otaqlarda pəncərə və hava dövranı daim açıq olmalıdır. Bu qaydalar mütləq şəkildə əhaliyə izah edilməli, qaz təchizatı qurumları və aidiyyəti dövlət strukturları tərəfindən davamlı maarifləndirmə aparılmalıdır”.

Bəs dəm qazından zəhərlənmənin ilkin əlamətləri hansılardır?

Mütəxəssislər bildirir ki, dəm qazından zəhərlənən zaman insanda başgicəllənmə başağrısı ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, bəzən, oyanıqlıq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları müşahidə olunur.

Dəm qazından zəhərlənmə hallarında ilkin tibbi yardımın köməyi ilə zəhərlənəni həyata qaytarmaq mümkündür. İlk növbədə isə zəhərlənən həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə amonium tərkibli məhlul iylətmək lazımdır.

Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq. Odur ki, zəhərlənən şəxsə həkim gələnə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir. Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o deməkdir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır. Bu məsələdə hər saniyə çox önəmlidir. Vaxt itirilsə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm də nevropatoloqun nəzarətinə olmalıdır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR