İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimaldan yeni kələk növü gələ bilər – Minlərlə alıcı həm pulunu itirir, həm də aldığı mənzili

5593 13.12.2025 16:47 Analitika A A

 

Rusiyada əmlak alqı-satqısı sahəsində yeni bir kələkbazlıq növü peyda olub. Bir çox zərərli və yoluxucu şeylər müəyyən intervalla ölkəmizə Rusiyadan gəldiyi kimi, bu fırıldaqçılığın da gələn il Azərbaycanda tətbiq ediləcəyi gözlənilir. Ona görə də bəri başdan ehtiyatlı olmaq, əmlak dələduzluğunun anatomiyasını bilmək lazımdır.

Kələkbazlıq vaqiəsinin episentrində bütün Rusiyada, eləcə də postsovet məkanında məşhur olan müğənni Larisa Dolina durur. Mediada artıq bu dələduzluq aktından sonra baş verənləri “Dolina effekti” adlandırırlar.

Hadisənin tarixçəsi belədir: müğənni Larisa Dolina evini Polina Lurye adlı qadına satıb, pulunu alıb. Daha sonra o, vasitəçi-fırıldaqçılar tərəfindən aldadıldığı barədə məhkəməyə müraciət edib. Məhkəmə qərarları nəticəsində o, əmlakını özünə qaytarıb, ancaq alıcının – Luryenin pulunu qaytarmayıb. Nəticədə P.Lurye həm yeni aldığı mənzildən, həm də ödədiyi 112 milyon rubldan məhrum olub. Daha sonra L.Dolina P.Luryeyə pulu könüllü şəkildə, amma hissə-hissə qaytaracağını açıqlayıb, deyib ki, pulu yoxdur, guya bütün vəsaitlərini kələkbaz cinayətkarlara verib.

Məhkəmənin məntiqinə görə, müğənnidə günah yoxdur, alıcı öz vəsaitlərini Dolinanı aldadan fırıldaqçılardan tələb etməlidir. Lurye bununla razılaşmayıb və işi Ali Məhkəməyə verib. Məhkəmə iclası dekabrın 16-na təyin edilib.

Rusiya mediası yazır ki, bu, yalnız Dolina ilə Luryenin başına gələn hadisə deyil. Bu presedent (evin satılması, sonra məhkəməyl geri qaytarılması və alıcının ödədiyi pulun arada it-bat olması) oxşar məhkəmə qərarları dalğasına səbəb olub. Daşınmaz əmlak satıcıları, əsasən də təqaüdçü qadınlar evlərini satdıqdan sonra fırıldaqçı maklerlərin təsiri altında olduqları barədə məhkəməyə müraciət edir, “qalib gəlir” və pulu qaytarmaq məqamı gələndə bütün vəsaitləri dələduzlara təhvil verdiklərini iddia edirlər

Mediada minlərlə oxşar işə istinad edilir. Bu statistikanın mənbəyi bəlli deyil: şayiələrə görə, inşaatçılar alıcıları ikinci dərəcəli bazardan çəkindirmək üçün məsələni şişidtirlər. Lakin bu cür hallar, əlbəttə ki, az deyil.

İctimai rəyin hansı tərəfdə olduğu Dolinanın məhkəmədə "qalib gəlməsi" hadisəsindən sonra onun konsertlərinin boykot edilməsindən, sənətçiyə yönəlmiş tənqid selindən aydın görünür. İnsanlar hesab edirlər ki, L.Dolina tanınmış sənətçi olduğundan və yuxarılarda yaxşı əlaqələrə malik olması üzündən məhkəmə ədalətsiz olaraq ona tərəfgirlik edib. Ortada tutarlı bir arqument var: mənzilin satışından əldə olunmuş pulu fırıldaqçılara Dolinanın özü verib (əgər veribsə), bəs bu halda alıcı niyə məsuliyyət daşımalıdır?

"Dolina effekti"nin absurdluğu göz önündədir. Bir qadın zəhməti ilə qazandığı pulu verib, mənzil alıb, indi pul da əlindən çıxıb, mənzil də. Bu halda məhkəmə sisteminə inam azalır. Rusiyanın son illərdə onsuz da qanunun aliliyi ilə idarə olunan dövlət imici xeyli zədələnmişdi, belə hadisələr isə bu xüsusda iddiaların əsassız olmadığını təsdiqləyir.

Bundan əlavə, bu, olduqca qəribə bir sosial gərginlik yaradır. Məlumata görə, bu sxemdə satıcıların hamısı adi yaşlı qadınlardır. Bu, təsadüf deyil. Təqaüdçülər həssas bir kateqoriyadır; onlara qayğı, hörmət və ehtiramla yanaşılır. Fırıldaqçılar mütəmadi olaraq yaşlıları aldadırlar. Bu müdafiəsiz qurbanlar evsiz və dolanışıqsız qala bilərlər. Hakimlər bunları nəzərə alırlar.

Ancaq ortada insanlara böyük məbləğdə ziyan vuranlar varsa, artıq fərqi yoxdur ki, bunu edənlər cavandır, yaxud da yaşlı. Üstəlik, bu yaşlı adamlar fırıldaqçıların əlində alət olurlarsa, sonradan kütləvi şəkildə “ağıllanır” və əmlaklarını geri tələb edirlərsə, demək, hər şey əvvəlcədən ssenariləşdirilib, onlar bu fırıldağa bilə-bilə qol qoyublar.

Ona görə də peşəkar və sosial media onları "yaşlı fırıldaqçı" kimi təqdim edir.

Bu kələyin qurbanları nisbətən gənc, işləyən insanlar, orta təbəqədir. Onlar mənzil almaq üçün illərlə yığdıqları pulu bir neçə günün içində itirir, zərərçəkmişə dönürlər və haqlarını almaq üçün çox əziyyət çəkirlər. Maraqlıdır ki, kələkbazlar Ukrayna müharibəsinin veteranlarına qarşı eyni əməli törədəndə “uğur” qazana bilmirlər. Çünki müharibə veteranları daha həssas sosial kateqoriyadır.

Bu kələkbazlıq artıq postsovet məkanının digər ölkələrində də yayılmaqdadır. Bu üzdən bir evin 5 adama satılması hallarının geniş yayıldığı ölkəmizdə özlərinə mülk almaq istəyənlər ehtiyatlı, araşdırıcı olmalı və alqı-satqı edərkən hər variantı nəzərə almalıdırlar.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR