Slovakiya hökumətinin başçısı dövlətə məxsus SEPS şirkətinə Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmağı tapşırdığını açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qərar Kiyevin “Drujba” boru kəməri vasitəsilə neft tranziti ilə bağlı öhdəliklərini yerinə yetirməməsindən sonra gəlib.
O, şənbə günü verdiyi vədi yerinə yetirib. "Əgər Slovakiyaya neft təchizatı bazar ertəsinə qədər bərpa olunmazsa, mən dövlətə məxsus SEPS şirkətindən Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmasını xahiş edəcəyəm", - Robert Fiko yazmışdı.
Baş nazir qeyd edib ki, Ukrayna enerji sisteminə yardımın miqyası xeyli artıb. Təkcə bu ilin yanvar ayında Ukraynanım elektrik şəbəkəsini sabitləşdirmək üçün təcili təchizatın həcmi bütün 2025-ci il dövrü üçün lazım olan həcmdən iki dəfə çox olub.
Fiko vurğulayıb ki, Ukrayna “Drujba” boru kəməri vasitəsilə Slovakiyaya neft nəqlini bərpa etdikdən sonra məhdudiyyətlər aradan qaldırılacaq.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban əvvəllər neft tranzitinin bloklanması səbəbindən Kiyevin elektrik enerjisi təchizatını kəsəcəyi ilə hədələmişdi. Bu fonda Budapeşt Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinin təsdiqini bloklayıb.
Musavat.com






