“The Guardian” qəzetinin beynəlxalq məsələlər üzrə baş müxbiri Julian Borger ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və bunun nüvə proqramına mümkün təsirləri ilə bağlı təhlil yazısı qələmə alıb. Müəllifin fikrincə, Vaşinqton və Təl-Əvivin Tehranın nüvə proqramını zəiflətmək məqsədi ilə həyata keçirdiyi hücumlar uzunmüddətli qarşıdurmanı həll etmək əvəzinə, əksinə, İranı gizli şəkildə nüvə silahı hazırlamağa sövq edə bilər.
Musavat.com xəbər verir ki, Borger yazır ki, ABŞ-İsrail zərbələrinin əsas məqsədi İranın 24 ildir mübahisə mövzusu olan nüvə proqramını dayandırmaq idi. Lakin nüvə silahlarının yayılması üzrə mütəxəssislər bu addımın əks təsir göstərə biləcəyini və Tehranın daha gizli və nəzarətdən kənar proqram qurmaq riskini artırdığını bildirirlər.
Tehran uzun illərdir nüvə proqramının yalnız mülki məqsədlər daşıdığını və nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirir. Lakin 2002-ci ildə uranın zənginləşdirilməsi və plutonium istehsalı üçün nəzərdə tutulmuş iki elan edilməmiş obyektin aşkarlanması beynəlxalq ictimaiyyətdə ciddi şübhələr yaratdı.
2015-ci ildə imzalanan nüvə sazişi İrana ciddi məhdudiyyətlər tətbiq edir və geniş yoxlama mexanizmlərini nəzərdə tuturdu. Lakin ABŞ prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq onun faktiki olaraq dağılmasına səbəb oldu. Bundan sonra İran uranın zənginləşdirilməsi və proqramın digər istiqamətləri üzrə fəaliyyətini sürətləndirdi.
Beynəlxalq ictimaiyyəti narahat edən əsas məqam isə İranın ötən yay 60 faiz təmizliyə malik 440 kiloqramdan çox yüksək zənginləşdirilmiş uran ehtiyatı toplaması oldu. Texniki baxımdan uranın 60 faizə qədər zənginləşdirilməsindən sonra onu 90 faizə – yəni silah dərəcəsinə çatdırmaq nisbətən qısa müddət tələb edir. Bu isə nüvə başlıqlarının hazırlanması üçün kifayət hesab olunur.
Ekspertlərin hesablamalarına görə, İranın mövcud ehtiyatı əlavə zənginləşdirmə və metal formaya çevrilmə prosesindən sonra 10-dan çox nüvə döyüş başlığı hazırlamaq üçün kifayət edə bilər.
Borger qeyd edir ki, məhz bu narahatlıqlar ötən ilin iyununda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasının əsas səbəblərindən biri olub. ABŞ-ın iştirak etdiyi “Gecəyarısı Çəkic” əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə bunkerdağıdan bombalarla zərbələr endirilib.
Donald Tramp həmin bombardmanların İranın nüvə proqramını “məhv etdiyini” iddia etsə də, sonradan bunun tam doğru olmadığı məlum olub. Hücumlar obyektlərə ciddi ziyan vursa da, xüsusilə İsfahan və Nətənzdə dağların altında yerləşən dərin yeraltı kompleksləri tam məhv etmək mümkün olmayıb.
Hücumlara cavab olaraq İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) müfəttişlərini bir sıra həssas nüvə obyektlərindən kənarlaşdırıb. Nəticədə təşkilat İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının hazırkı vəziyyətini və İsfahanla Nətənzdəki yeraltı tunellərdə hansı fəaliyyətlərin aparıldığını müəyyən edə bilməyib.
IAEA son hesabatında İranın zənginləşdirmə fəaliyyətlərini dayandırıb-dayandırmadığını və bombardmandan sonra nüvə obyektlərində qalan uran ehtiyatının miqdarını yoxlamağın mümkün olmadığını etiraf edib.
Bununla belə, agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, hazırda İranın nüvə silahı istehsalına yönəlmiş strukturlaşdırılmış proqramı barədə konkret dəlillər yoxdur.
Buna baxmayaraq, nüvə silahlarının yayılması üzrə mütəxəssislər vəziyyətin dəyişə biləcəyindən ehtiyat edir. Onların fikrincə, İran rejimini devirməyə yönəlmiş hücumlar və nüvə silahına qarşı dini fətva vermiş ali lider Əli Xameneinin öldürülməsi kimi hadisələr ölkədə yeni qərarların qəbul edilməsinə səbəb ola bilər.
Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun qlobal təhlükəsizlik üzrə eksperti Ceffri Lüisin sözlərinə görə, əsas risk də məhz buradadır. Onun fikrincə, əgər hücumlar rejimin devrilməsinə gətirib çıxarmasa, İranda bu proqramı yenidən qurmaq üçün kifayət qədər mütəxəssis və texnoloji baza qalacaq.
Ekspert hesab edir ki, belə bir vəziyyətdə İran Şimali Koreyanın keçdiyi yolu seçə bilər. Yəni ABŞ-la qarşıdurmanın davam etdiyi bir dünyada nüvə silahına sahib olmağın təhlükəsizlik baxımından daha əlverişli olduğu qənaətinə gələ bilər.
Silahlara Nəzarət Assosiasiyasının yayılmama siyasəti üzrə direktoru Kelsi Deyvenport da hücumdan sonra İran daxilində nüvə silahı əldə etmək istəyinin güclənə biləcəyini istisna etmir.
Onun sözlərinə görə, rejimin zəifləməsi və ya ölkədə vətəndaş qarşıdurmasının başlaması daha ciddi təhlükələr yarada bilər. Belə bir ssenaridə İranın yüksək zənginləşdirilmiş nüvə materiallarının taleyi qlobal təhlükəsizlik üçün böyük problemə çevrilə bilər.
Deyvenportun fikrincə, daxili qeyri-sabitlik fonunda nüvə materiallarının başqa qrupların əlinə keçməsi və ya oğurlanması riski də nəzərdən qaçırılmamalıdır.
Ekspert əlavə edir ki, belə bir vəziyyət ABŞ üzərində əlavə təzyiq yaradacaq və nəticədə beynəlxalq səviyyədə “nüvə terrorizmi” təhlükəsi real riskə çevrilə bilər.
Musavat.com
Yazının orijinalı burada: https://www.theguardian.com/world/2026/mar/04/us-israel-strikes-iran-nuclear-program-could-backfire






