İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Qonşuda “Honq Konq” qripi - risk qrupunda olanlar

835 13.11.2025 09:30 Ölkə A A

İnfeksionist deyir ki, A tipli viruslar ağır gedişatlı olmur, amma...

Ermənistanda A tipli qrip - H3N2 aşkar edilib. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatında bildirilib. “Honq Konq” qripi kimi də tanınan H3N2 qripi mövsümi epidemiyalara səbəb olan A qrip virusunun bir ştammıdır. Qrip yüksək hərarət, öskürək və əzələ ağrısı ilə müşayiət oluna bilən tənəffüs yolları xəstəliklərinə səbəb olur. Əksər hallarda xəstəlik keçsə də, H3N2 xüsusən də uşaqlarda və yaşlılarda ağırlaşmalara səbəb ola bilər.

Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa, tənəffüs yolları infeksiyalarından əziyyət çəkən insanlarla təmasdan çəkinməyə və xəstəlik halında evdə qalmağa çağırıb.

“Honq Konq” qripi ölkədə sonuncu dəfə 2023-cü ildə yayılıb. Bir müddət əvvəl Gürcüstanda da yayılmışdı. Azərbaycanda təkrarlanma riski varmı? Əhali niyə peyvəndlənməyə laqeyddir?

Yeri gəlmişkən, bu ilin son, oktyabr və noyabr aylarında regionda bir neçə virus və yoluxucu xəstəlik yenidən gündəmə gəlib. Ən çox diqqət çəkənlərdən biri qızılca xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa və Mərkəzi Asiya regionunda bu il qızılca halları son 25 ilin ən yüksək səviyyəsinə çatıb.

Digər diqqətçəkən virus Qərbi Nil virusudur. Avropa Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına əsasən, 2025-ci ilin oktyabr ayında Avropanın 13 ölkəsində yerli yoluxma hadisələri təsdiqlənib.

Qaraciyər və qan sistemini zədələyən Krım-Konqo hemorragik qızdırması da bölgədə müşahidə olunan ciddi infeksiyalardandır. 2025-ci ilin oktyabrında Qazaxıstanda 22 hadisə qeydə alınıb, onlardan 12-si laboratoriyada təsdiqlənib. Bu virus gənələr vasitəsilə insana keçir və yüksək hərarət, daxili qanaxma, halsızlıq və əzələ ağrısı kimi simptomlarla müşayiət olunur.

Bundan əlavə, müxtəlif ölkələrdə bir sıra digər virus və infeksiyalar da yayılıb. Qlobal hesabatlara görə, 2025-ci ilin ilk aylarından bəri 66 ölkədə 100-dən çox fərqli xəstəlik növü aşkarlanıb. Bu, dünyada yoluxucu xəstəliklərin yenidən aktivləşdiyini göstərir. Lakin hər bir xəstəliyin bölgəmizə keçməsi demək deyil. Buna baxmayaraq, Azərbaycan kimi qonşu ölkələrdə epidemioloji nəzarətin gücləndirilməsi vacibdir.

Həkimlər və səhiyyə qurumları xüsusilə uşaqların vaxtında peyvənd olunmasını, rayon yerlərində isə maarifləndirmə tədbirlərinin artırılmasını vacib hesab edirlər.

infeksionist #hepatoloq #qastroenteroloq #həkim #bakıda | Gulnara Ahmadova

Gülnarə Əhmədova

İnfeksionist Gülnarə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “H3N2 yüksək hərarət, öskürək, boğaz ağrısı, əzələ və oynaq ağrıları, baş ağrısı, burun tutulması kimi simptomlarla özünü göstərən virusdur. A qrupuna daxil olduğuna görə xəstəlik çox vaxt yüngül keçir, amma uşaqlarda, yaşlılarda və xroniki xəstəliyi olanlarda ağırlaşma riski yüksək ola bilər. Nəfəs darlığı, sinə ağrısı, təngnəfəslik, huşun itməsi kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir. Azərbaycanda hazırda qrip səviyyəsi epidemioloji həddi keçmir, lakin qonşu ölkələrdə H3N2-nin yayılması təkrarlanma riskini artırır. Payız-qış mövsümündə tənəffüs yolu infeksiyalarının çoxalması bu riski daha da artırır. Uşaqlara, yaşlılara, hamilə qadınlara və xroniki xəstəliyi olan şəxslərə peyvənd olunmaq tövsiyə edilir.

Amma əhali arasında peyvəndlənməyə laqeyd yanaşılır. Bunun əsas səbəbləri arasında vaksinə inamsızlıq, xəstəlik riskinin az hesab edilməsi, kifayət qədər məlumatın olmamasıdır. İnsanlar çox vaxt “mənə bir şey olmaz” düşüncəsi ilə risk qrupunda olduqlarını dərk etmirlər. Halbuki qripin ağırlaşmaları ciddi nəticələrə səbəb ola bilər. Hazırda profilaktika ən effektiv müdafiə üsulu sayılır. Şəxsi gigiyena, ictimai yerlərdə məsafə saxlamaq və xəstəlik halında evdə qalmaq virusun yayılmasının qarşısını alır. H3N2 və digər qrip növlərinə qarşı vaxtında tədbir görmək həm şəxsi sağlamlıq, həm də ümumi ictimai təhlükəsizlik üçün vacibdir. Xəstələnən şəxslərə istirahət etmək, bol maye qəbul etmək, hərarəti və ağrını azaltmaq üçün həkimin məsləhət gördüyü dərmanlardan istifadə etmək məsləhətdir. Qrip virusuna qarşı antibiotiklər təsir etmir, buna görə onları özbaşına qəbul etmək düzgün deyil. Əgər həkim məsləhət bilsə, antiviral dərmanlardan istifadə xəstəliyin gedişini yüngülləşdirə bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR