Deyir bir gün Filarmoniyada manıslar söhbətləşirmiş, tanınmış musiqişünas Firidun Şuşinski yaxınlaşır onlara: “Cabbar Qaryağdının qəbri itmək üzrədir, siz niyə toplaşıb o qəbrin üstünü götürmürsünüz? Cabbar əminin qeyrətini siz çəkməyib, kim çəkməlidir?” Xanəndə Əbülfət Əliyev deyir ki, vallah, Firidun düz söyləyir, Cabbarın qəbri itsə ilk növbədə bizim üçün biabırçılıq olacaq. Yığışanlar Əbülfətin bir az simic ad çıxartdığını bilirmişlər, ona görə kamançaçı Habil Əliyev deyir: “Əbülfət, gəl elə qəbrin üstünü özün götür, başdaşına da yazdırarsan: “Əbülfət Əliyev adına Cabbar Qaryağdının qəbri”.
Bu əhvalatın yadıma düşmək səbəbi heç də bu yaxınlarda, dəqiq yazsam, keçən ay xanəndə Arif Babayevin başdaşı yazısı ətrafındakı diskussiyalara münasibətimi yazmaq deyil. Yəqin yadınıza gəlir, orda daşa “Şərqdə ilk muğam professoru” ifadəsi yazılmışdı, camaat buna, üzr istəyirəm, mız qoyurdu. Sanki hər işimiz düzəlmişdi, qalmışdı qəbir yazıları üzrə dövlət standartı təyin etmək. (Bəlkə də elə hal-qəziyyə bu cürdür, artıq hamının fərdi saqqal darağı da vardır). Qəbir daşı elə bir yekun mərhələdir ki, ona ilişmək, tənqid-mənqid yapmaq bekarçılığın son həddi olmalıdır. Kim istəsə “nə baxırsan mənim kimi...” yazdırar, kim istəsə “burada Müsavat cəlladlarının öldürdüyü İvan müəllim uyuyur”.
Lev Tolstoyun başdaşında heç də “xalq yazıçısı, AYB üzvü”, nə bilim, “2 dəfə Yessentuki putyovkası mükafatı laureatı” yazılmayıb, ancaq bütün dünya onu oxuyur. Rəhmətliyin, ümumiyyətlə, qəbrinin üstündə bir topa torpaqdan başqa heç zad yoxdur – özü belə vəsiyyət etmişdir.
Yeri gəlmişkən, indi texnologiya qəbir üstündə QR-kod fotosu yerləşdirib rəhmətliyin linkinə girməyə imkan yaradır, bir növ sözü daşa yazmaq əslində keçilmiş mərhələdir. (Mövzuya heç dəxli olmaya bilər, lakin dünən hardasa oxuduğum bu afyorizm çox xoşuma gəlib: “Müsəlmanlar ölünü yandırmırlar, bu, günahdır. Ancaq dirini yandırmağa icazə var”).
Qayıdaq əvvələ. Cabbar Qaryağdının məzarı barədə pritça Habil Əliyevə görə yadıma düşmüşdür. Habil müəllimin belə komik situasiyaları çoxdur. Ancaq, təbii, uca xalqımız onu kamança ustası olaraq sevirdi və indi də buna görə xatırlayır. Lakin dünən Mədəniyyət Nazirliyi şok açıqlama yayıb, deyir kamança üzrə vahid milli dövlət standartı nəhayət hazırlanmışdır. Sitat: “Təsdiqlənən standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. 29 iyun 2026-cı ildə AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvləri iclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul edib. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb”. Sitatın sonu.
Müdhiş xəbərdir. Hesab edirəm ki, bu, bizim indiyəcən kamançaya səhv qulaq asdığımızı isbat edir. Habil müəllim isə, prinsipcə, əlinə gələni çalırmış, bəlkə bizimlə öz ənənəvi zarafatlarından birini edirmiş.
Yenə şükür, gec olsun, güc olsun. Standarta uyğun gəlməyən kamança ilə toy aparan manısların alətini müsadirə etməyin zamanı çatmışdır. Səhv ölçülü kamança da təxminən xarab ətdən kabab kimi şeydir. Biri xalqın qarnını, o biri mənəviyyatını pozur!
Məndə dəqiq məlumat var ki, ölkəmizin Avropa Şurası ilə münasibətlərinin pozulmasına kamançanı düzgün, daha doğrusu, düzgün kamança çalmamaq səbəb olurmuş.
Xəbərdə bir detal isə xüsusilə diqqətimi çəkdi. Son cümləyə fikir verdinizmi? Orda açıq-aydın deyilir ki, kamança aləti üçün milli-dövlət standartı milli musiqi alətlərimiz üçün ilk belə sənəddir. Yəni, qara zurna, qoşanağara, saz, balaban, tar və sairə alətləri hazırda kimin kefi necə istəsə elə də düzəldir və ifa edir.
Məncə, bütün toylar təzədən çalınmalı olacaqdır.






