İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt işçiləri ƏVƏZLƏDİ, sonra GERİ çağırdı – Bakıdan BAXIŞ

676 06.07.2026 14:56 Son xəbər A A

İşçilərini süni intellektlə əvəz edən bir çox şirkət səhv yol verdiklərini etiraf edib. Bu barədə CNBC xəbər verib. Xüsusilə də “Ford” avtomatlaşdırılmış sistemlərin həll edə bilmədiyi keyfiyyət problemlərini həll etmək üçün yüzlərlə təcrübəli mühəndisi yenidən işə qaytardığını bildirib.

Avstraliya Birliyi Bankı və proqram təminatı nəhəngi IBM də eyni adımı atıb. Keçən il bank 40-dan çox müştəri xidməti əməkdaşını işdən çıxarıb və onların yerinə süni intellektlə işləyən səs botu quraşdırıb. Bununla belə, AI sistemi yükün öhdəsindən gələ bilməyib, bu da zənglərin sayının artmasına səbəb olub və kadr siyasətinə yenidən baxılmasına gətirib. Bildirilir ki, IBM insan resursları funksiyalarını süni intellektə həvalə edib. Sİ sadə sorğuların təxminən 94 faizini emal edib, lakin etik dilemmalar da daxil, qalan altı faizin öhdəsindən gəlməyib.

Bir sıra ekspertlərə görə, Azərbaycanda da oxşar problemlərin yaranması mümkündür. Hətta bəzi sahələrdə bu risk daha yüksək ola bilər. Belə ki, süni intellekt böyük həcmdə məlumatın emalı, sənədləşmə, müştəri sorğularının cavablandırılması və rutin işlərin avtomatlaşdırılması baxımından faydalıdır. Lakin insan faktorunun vacib olduğu sahələrdə onun imkanları hələ də məhduddur. Xüsusilə bank sektoru, dövlət xidmətləri, səhiyyə, hüquq, təhsil və media kimi sahələrdə mürəkkəb situasiyaların, emosional yanaşma tələb edən halların və qeyri-standart problemlərin həllində insanı tam əvəz edə bilmir.

Azərbaycanda da əgər hansısa şirkət və ya qurum xərcləri azaltmaq məqsədilə əməkdaşlarını kütləvi şəkildə süni intellektlə əvəz etməyə çalışsa, bir sıra problemlərlə üzləşə bilər: müştərilərin şikayətlərinin artması, Azərbaycan dilində və yerli dialektlərdə ünsiyyət problemləri, qeyri-standart vəziyyətlərdə düzgün qərar verilməməsi, hüquqi və etik məsələlərin həllində çətinliklər, texniki nasazlıqlar zamanı xidmət keyfiyyətinin aşağı düşməsi, vətəndaş məmnuniyyətinin azalması.

Sirr deyil ki, Azərbaycanda insanlar hələ də bir çox xidmətlərdə canlı ünsiyyətə üstünlük verir. Məsələn, bank, sığorta, tibb və dövlət xidmətlərində insanlar problemi robotla deyil, məsul şəxs ilə müzakirə etməyə daha çox etibar edirlər. Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, yaxın illərdə Azərbaycanda da bəzi peşələrin müəyyən hissəsinin avtomatlaşdırılması qaçılmaz görünür.

Ancaq beynəlxalq təcrübə göstərir ki, ən uğurlu model insanların tamamilə işdən çıxarılması deyil, "insan + süni intellekt" əməkdaşlığıdır. Yəni, süni intellekt əməkdaşın köməkçisi rolunda çıxış edir, son qərarı isə insan verir.

image

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Musavat.com-a danışıb. Sahib Məmmədov qeyd edib ki, Azərbaycan rəqəmsallaşma, elektron hökumət və süni intellekdən istifadə göstəricilərinə görə aparıcı dövlətlərdən deyil, hələlik bəzi sahələrdə süni intellekt tətbiqi həyata keçirilir: "Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra elektron xidmətlər, o cümlədən vətəndaş müraciətləri ilə bağlı paralel olaraq süni intellekt tətbiqlərindən istifadə edir.

Süni intellekt indiki mərhələrdə nə hüquq, nə səhiyyə sahəsində, nə də insan resurlarının idarə olunması sahəsini insanı əvəz edə bilmir, amma insana köməkçi qismində fayda verə bilir. Mənim qənaətim budur ki, insanların taleyi ilə bağlı məsələlərdə - işə qəbul, məhkəmə işləri, insan hüquqları ilə bağlı digər məsələlərdə bütün funksiyaları süni intellektə həvalə etmək olmaz. Qeyd etdiyim kimi, Azərbaycan hələ adı gedən sahələrdə qabaqcıl ölkələr sırasında yer almır. Ona görə bizdə hələ ki, ciddi problemlər qeydə alınmayıb. Amma xırda problemlər var".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR