ABŞ-ın məşhur aparıcısı Savannah Guthrienin 84 yaşlı anası Nancy Guthrie Arizonada tək yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb.
Musavat.com bu barədə Reuters-ə istinadən xəbər verir.
Hadisənin ötən şənbə gecəsi baş verdiyi ehtimal olunur. Ailə dərhal polisə müraciət edib və Nancy itkin şəxs kimi axtarışa verilib.
Pima County təhlükəsizlik orqanları ilkin araşdırmadan sonra hadisəni cinayət işi kimi dəyərləndirib. Şerif Chris Nanos bildirib ki, yaşlı qadının evdən öz istəyi ilə çıxması real görünmür və qaçırılma ehtimalı əsas versiya kimi nəzərdən keçirilir. Onun sözlərinə görə, sağlamlıq problemləri olan Nancy təkbaşına uzaq məsafə qət edə bilməzdi.
Nancy Guthrie sonuncu dəfə şənbə gecəsi saat 21:30-da ailəsi ilə birlikdə şam yeməyində olub, daha sonra evinə aparılıb. Bazar günü kilsəyə getməməsi ailənin narahatlığına səbəb olub və bundan sonra itkin müraciəti edilib.
Savannah Guthrie bütün işlərini ləğv edərək Arizonaya gedib. Təhlükəsizlik qüvvələri Nancy-nin həyati əhəmiyyətli dərmanlar qəbul etdiyini və zaman faktorunun kritik olduğunu bildirir.
Aparıcı sosial şəbəkədə paylaşım edərək anasının inanclı bir qadın olduğunu qeyd edib və hər kəsdən “dua edin” deyə xahiş edib. Axtarışlar davam edir.
Musavat.com






