İranda, xüsusilə Cənubi Azərbaycanda futbol stadionları təkcə idman məkanı deyil, eyni zamanda ictimai-siyasi mesajların, milli kimliyin və kollektiv yaddaşın ifadə olunduğu mühüm tribunaya çevrilib. Bu baxımdan *Traktor Futbol Klubu*nun azarkeşləri illərdir xüsusi fəallığı və kütləvi aksiyaları ilə seçilir.
Bu dəfə də istisna olmayıb. "Traktor" azarkeşləri tərəfindən yeni çəkilmiş bu videoda da Təbriz stadionunda minlərlə insanın eyni anda səsləndirdiyi şüarlar və təsirli şeir diqqət çəkir.
Musavat.com xəbər verir ki, "Traktor" azarkeşləri hər zaman olduğu kimi Azərbaycan və Turan ideyasını mərkəzə alan mövqedədir.
Görüntülərdə açıq şəkildə hiss olunur ki, "Traktor" tərəfdarlarının bu davranışı sadəcə futbol emosiyası deyil. Bu, Cənubi Azərbaycandan bütün Türk dünyasına ünvanlanan siyasi-mədəni bir mesajdır. Azarkeşlərin sonda nümayiş etdirdiyi bozqurd işarəsi də məhz bu mesajın vizual və simvolik ifadəsi kimi qəbul olunur.
Qeyd edək ki, "Traktor" Futbol Klubu İranın ən populyar və ən çox azarkeş kütləsinə malik klublarından biridir. Təbrizi təmsil edən bu komanda oyunlarını adətən on minlərlə azarkeş stadiondan izləyir. Eyni zamanda, tribunalardakı şüarlar və aksiyalar sosial şəbəkələr vasitəsilə milyonlarla azərbaycanlı və türk tərəfindən paylaşılaraq geniş auditoriyaya yayılır.
"Traktor" azarkeşlərinin hər oyunu faktiki olaraq milli hərəkat xarakteri alır. Klubun özü bir futbol komandası olsa da, onun ətrafında formalaşan kütləvi dəstək artıq sosial və milli bir fenomen kimi dəyərləndirilir. Təbriz stadionundan yüksələn bu səs və görüntülər də bir daha göstərir ki, "Traktor" sadəcə meydanda deyil, ideya müstəvisində də “irəliləyən bir "traktor”dur.
Musavat.com xəbər verir ki, yayılan video qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub və Cənubi Azərbaycanın milli mübarizəsinin növbəti simvolik nümunələrindən biri kimi qiymətləndirilir.
Musavat.com






