İranda yanvar ayında baş vermiş kütləvi etiraz aksiyalarından sonra hakimiyyətin müxalif düşərgəyə qarşı başlatdığı repressiya dalğası yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, bazar ertəsi sübh saatlarında ölkənin ən nüfuzlu islahatçı qruplarından biri olan "Məcmə-e İsarqaran"ın baş katibi Cavad Emam təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Siyasətçinin vəkili bildirib ki, mülki geyimli şəxslər Emamın evinə basqın edərək geniş axtarış aparıb, şəxsi əşyaları və elektron cihazları müsadirə etdikdən sonra onu naməlum istiqamətə aparıblar.
Bu həbs cəmi bir neçə saat əvvəl İslahat Cəbhəsinin lideri Azər Mənsuri, keçmiş deputat İbrahim Əsgərzadə və xarici işlər nazirinin keçmiş müavini Möhsün Əminzadənin dəmir barmaqlıqlar arasına göndərilməsindən dərhal sonra baş verib.
Tehran prokurorluğu saxlanılan şəxsləri "milli birliyə zərbə vurmaq", "konstitusiyaya qarşı çıxmaq" və "düşmən təbliğatına rəhbərlik etmək" kimi ağır cinayətlərdə ittiham edir. İslahatçı qruplar isə bəyan ediblər ki, Cavad Emamın yeganə "cinayəti" yanvar etirazları zamanı həlak olan gənclərin qanının yerdə qalmaması üçün ədalət tələb etməsidir.
Rejimin bu sərt addımları fevralın 11-də qeyd olunacaq İslam İnqilabının ildönümü ərəfəsində daxili narazılığı boğmaq və küçələrə çıxa biləcək yeni etiraz dalğasının qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda Prezident Məsud Pezeşkiana yaxın olan bu simaların həbsi ölkədəki mühafizəkar qanadın və SEPAH-ın hökumət üzərindəki nəzarətini tam bərpa etdiyini, islahatçıların isə siyasi arenadan tamamilə sıxışdırıldığını göstərir. Hazırda Cavad Emamın ailəsi və vəkilləri onun həyatı üçün ciddi narahatlıq keçirir, belə ki, son günlərdə həbsxanalarda "şübhəli ölümlər" və işgəncə faktları barədə məlumatlar beynəlxalq insan haqları təşkilatları tərəfindən həyəcanla izlənilməkdədir.
Musavat.com






