İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai ABŞ prezidenti Donald Tramp ilə mümkün dialoq məsələsinə kəskin münasibət bildirib. İranlı rəsmi Vaşinqtonla hər hansı danışıqların aparılmasını strateji səhv adlandırıb.
İbrahim Rezai ABŞ ilə danışıqları diplomatların deyil, hərbçilərin aparmalı olduğunu vurğulayıb. "Şeytanla istənilən danışıqlar strateji bir səhvdir. Qoy Donald Tramp ilə danışıqları raketlərimiz və Silahlı Qüvvələrimiz aparsın", - deyə, o, qeyd edib.
Bu sərt ritorika ondan xəbər verir ki, Tehranda danışıqlar tərəfdarı olanlarla yanaşı, eskalasiyanın davam etməsini dəstəkləyənlər də az deyil. Bəs bu açıqlama hansı arxayınlıqdan irəli gəlir? İran hakimiyyətində ABŞ ilə danışıqlar məsələsinə münasibətdə fikir ayrılığının olduğunu söyləmək olarmı?
Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, bu açıqlama İran daxilində sərt və yumşaq xətt tərəfdarları arasındakı fikir ayrılığının bariz nümunəsi kimi qiymətləndirilə bilər.
“Danışıqlar məsələsinə fərqli yanaşmaların mövcudluğu açıq görünür. Rezai əslində, dolayısı ilə ABŞ-la danışıqlar aparıldığı mesajını vermiş olub. Danışıqları “strateji səhv” adlandırması bu deməkdir. Bu, təkcə hərbi qanadın, SEPAH-ın deyil, İranın siyasi rəsmilərinin də sıralarında daha sərt, hərbi yol tərəfdarı olanların mövcudluğunu bir daha göstərir”,_ Ə.Orucov belə şərh edib.

Onun fikrincə, “Şeytanla istənilən danışıqlar strateji səhvdir” ifadəsi ABŞ-yə qarşı tam etimadsızlığı və hərbi təzyiqin üstünlüyünü vurğulayır: “Bu, ölkə daxilində ABŞ ilə dialoqa açıq yanaşan diplomat və siyasətçilərlə fikir fərqlərinin olduğunu göstərir”. Ekspertin fikrincə, bu tip açıqlamalar həm yerli ictimaiyyətə, həm də regional və qlobal aktorlara İranın mövqeyinin təkcə prezident və ya ali rəhbərliklə müəyyən edilmədiyini, bəzi qrupların daha sərt xəttə üstünlük verdiyini çatdırır: “İbrahim Rezainin paylaşımı İranın ABŞ ilə hər hansı dialoq imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq və həmrəylikdəki çatlaqları göstərmək üçün bir siqnaldır. Bu, ABŞ üçün diplomatların istədiyi nəticələrin əldə edilməsini çətinləşdirə bilər”.
Etibar Seyidağa,
Musavat.com






