ABŞ-da daxili aviareyslərdən birində baş verən hadisə geniş rezonans doğurub. Telefonunda namaz vaxtını xatırladan siqnal (azan tətbiqi) quran sərnişin digər sərnişinlər və ekipaj tərəfindən təhlükə kimi qiymətləndirilib.
Nəticədə təyyarə marşrutunu dəyişərək təcili eniş edib, sərnişin isə silahlı hüquq-mühafizə əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bir neçə ay öncə baş versə də, sosial mediada hələ də aktual mövzu kimi müzakirə edilir. Şok olay ABŞ-ın Southwest Airlines şirkətinə məxsus 2094 saylı reysdə baş verib. Təyyarə Tennessi ştatının Neşvill şəhərindən Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurdu.
Məlumata görə, uçuş zamanı sərnişinin mobil telefonunda quraşdırılmış namaz vaxtı siqnalı səslənib. Bundan sonra bəzi sərnişinlər onun davranışından narahat olduqlarını bildiriblər. Ekipaj ehtiyat tədbiri olaraq təyyarəni Corciya ştatının Atlanta şəhərində yerləşən Hartsfield-Jackson Beynəlxalq Hava Limanına yönəldib.
Yerə endikdən sonra təyyarəyə silahlı polis və xüsusi təyinatlı əməkdaşlar daxil olub. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə sərnişinlərin əllərini qaldırdığı, hüquq-mühafizə əməkdaşlarının isə şübhəli bilinən şəxsi təyyarədən çıxardıqları görünür.
Araşdırmadan sonra isə hadisənin təhlükəsizlik təhdidi ilə əlaqəli olmadığı müəyyən edilib. ABŞ Federal Təhqiqat Bürosunun (FBI) nümayəndəsi bildirib ki, sərnişinlə bağlı heç bir real təhlükə aşkarlanmayıb və ona qarşı cinayət işi açılmayacaq.
Southwest Airlines da hadisə ilə bağlı açıqlama yayıb. Şirkət ekipajın “maksimum ehtiyatlılıq prinsipi” əsasında qərar verdiyini bildirib və sonradan bunun anlaşılmazlıq olduğu üzə çıxdığı üçün sərnişinlərdən üzr istəyib. Açıqlamada vurğulanıb ki, aviaşirkət üçün sərnişinlərin və əməkdaşların təhlükəsizliyi hər zaman prioritetdir.
Hadisə həm ABŞ, həm də digər ölkələrin sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər təhlükəsizlik qaydalarının ciddi tətbiqini dəstəkləsələr də, digərləri müsəlman sərnişinin yalnız ibadət vaxtını xatırladan telefon siqnalına görə belə münasibətlə üzləşməsini dini ayrı-seçkilik və stereotiplərin nəticəsi kimi qiymətləndiriblər.
Musavat.com






