İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə qəzaları - teraktı “nasazlıq”, nasazlığı isə “terakt” elan etmək mümkün deyil

1053 13.11.2025 14:40 Analitika A A

İstənilən təyyarə qəzası zamanı ağıllara gələn ilk versiya terror-diversiya aktı olur. Sonra texniki nasazlıq, axırda insan faktoru (pilotların səriştəsizliyi) nəzərdən keçirilir. “Quş sürüsü ilə toqquşma”, ildırım vurma kimi fors-major hallar da var.

Azərbaycanın hərbi hava limanından qalxaraq Türkiyəyə uçan "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması zamanı da elə oldu, qəzanın mümkün səbəblərinin hamısı sadalandı.
Terror aktı versiyası daha çox müzakirə olunsa da, təyyarənin mühərriklərinin işlək vəziyyətdə olması, partlayış izlərinin müşahidə edilməməsi bu versiyanı zəiflədir. Təyyarənin 63 ildən bəri istismarda olması isə texniki nasazlıq versiyasını gücləndirir.

Belə durumlarda terakt versiyası ona görə şüurlara hakim kəsilir ki, regionumuz qada-bəlalı regiondur, bu paralel və meridianlarda yerləşən dövlətlərin başqalarına yamanlıq etmək sahəsində limiti, qırmızı xətti yoxdur, vaxtilə bu kimi aktlar həyata keçiriblər.

malay.jpg (41 KB)

Məsələn, Rusiyaya bağlı hərbi qüvvələr 2014-cü ildə Donbas səmasında Malayziyaya məxsus təyyarəni vuraraq 298 nəfərin ölümünə bais olublar. Avropa İnsan Haqları Məhkəməsi bu terror aktına görə məsuliyyəti rəsmi Moskvanın üzərinə qoyub. Ancaq Rusiya bu günə qədər də teraktı törədənləri məhkəməyə vermir, öz məsuliyyətini də inkar edir. Hər şey sübut olunub, bütün detallar məlumdur, heç bir şübhə yeri qalmayıb, amma Moskva özünü o yerə qoymur.

Bizim sərnişin təyyarəmizin ötən ilin 25 dekabrında Qroznı üzərində Rusiya hərbçiləri tərəfindən vurulması və təyyarənin Aktau yaxınlığında yerə çırpılması hadisəsində Rusiyanın necə davrandığını gördük. Həmin böhran hələ də sovuşmayıb. Rusiya mediası 40 dil danışdı, “quş sürüsü ilə toqquşma”dan girdilər, “təyyarənin daxilində qaz balonu partlaması”na qədər uydurma versiyalara əl atdılar, rus rəsmilər qazaxıstanlı və braziliyalı təhqiqatçıların hadisəyə dair peşəkar rəylərinə təsir gstərməyə çalışdılar və s. Bu diversiya aktına dair də bütün detallar (yazışmalar, səs yazıları, videolar, şahid ifadələri) artıq tam məlumdur.

643e8c9b146d7643e8c9b146d81681820827643e8c9b146d4643e8c9b146d5.jpeg (333 KB)

2020-ci ilin yanvarında İran Ukraynaya məxsus sərnişin təyyarəsini vurmuşdu. İranlı hərbçilər panikaya qapılmış, Tehran aeroportundan qalxan hava nəqliyyatını düşmən qırıcısı hesab etmiş və təlaşlanaraq təyyarəni iki raketlə zədələyərək, 176 nəfərin həyatına son qoymuşdular.

İlk başda İran tərəfi də məsuliyyətdən yayınmağa çalışdı, texniki nasazlıq versiyası tirajlandı, amma sonra təfərrüatlar, təkzibedilməz dəlillər üzə çıxdıqca iranlılar vadar oldular ki, məsuliyyətlərini etiraf etsinlər və dövlətin etibarını, ölkənin reputasiyasını zədələmiş məsuliyyətsiz hərbçiləri cəzalandırsınlar. Bu diversiyada rolu olan 10 iranlı hərbçiyə hökm oxunub. Onlardan biri 13, digərləri isə 1,5 – 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yuxarıda sözügedən təyyarə qəzalarının mahiyyəti elədir ki, ortada təkzibedilməz dəllil-sübutlar var. Cavabdeh tərəf nə qədər inkar etsə də, bu faciəvi hadisələrin məsuliyyətindən yayına bilməzlər, əvvəl-axır üzrxahlıq etməli, təzminat ödəməli olurlar.

Ancaq bu xüsusda sırf qərəzli gümanlara dayanan hadisələr də olub.

reisi.jpg (44 KB)

2024-cü ilin may ayının 19-da İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin içində olduğu helikopter Azərbaycana məxsus Xudafərin nahiyəsindən havaya qalxaraq Təbriz şəhərinə doğru hərəkətdə olarkən İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisində qəzaya uğramışdı.

Qəza enişi etmiş helikopterdə prezidenti İbrahim Rəisi, xarici işlər xaziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Ənsar Əl-Mehdi” batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs həlak olmuşdular. İlk versiya texniki nasazlıq idi.

Çünki qəzadan dərhal sonra helikopterin ötən əsrin ortalarından istismarda olduğu bəlli oldu. Ancaq bir sıra məkrli dairələr sırf Azərbaycan və İsrail düşmənçiliyi xəttini gücləndirmək üçün ortaya terror aktı versiyasını da atdılar və bu mövzuda uzun-uzadı danışdılar. Ortaya isə heç bir dəlil-sübut qoyulmadı.
Heç mümkün deyil ki, bir hava nəqliyyatına, xüsusilə də onun yüksək vəzifə tutan sərnişinlərinə qarşı terror aktı həyata keçirilsin və ortada heç bir iz, dəlil-sübut qalmasın.

Terror aktına məruz qalmış təyyarənin uğradığı qəzada cinayətin izlərini itirmək mümkün olmadığı kimi, texniki nasazlıq üzündən qəzaya uğramış təyyarəyə dair də “terakt nəticəsi” versiyasını inkişaf etdirmək və sübut etmək mümkün deyil.

Ötən ilə Aktauda yerə çırpılan təyyarəmizdə qəlpə izləri gendən bilinirdi, hətta ən adi adamlar da təyyarəyə mərmi, güllə dəydiyini təsbit edə bilərdi.

priq.jpg (78 KB)

2023-cü ilin avqustunda rusiyalı iş adamı, “Vaqner” hərbi şirkətinin sahibi Yevgeni Priqojinin mindiyi təyyarənin texniki nasazlıq üzündən qəzaya uğradığı bildirilsə də, sonra təyyarənin içində partlayış olduğuna dair rəylər yayıldı, məsuliyyət təyyarənin sərnişinlərinin üzərinə qoyuldu, amma hələ də o hadisə rəsmən “təyyarə qəzası” adlandırılır. Vaxt gələcək, bu qəzaya dair bütün təfərrüatlar açılacaq.

Elə Türkiyənin hərbi təyyarəsinin başına nə gəldiyi də tam dəqiqliyi ilə üzə çıxacaq. Həm də bu çox çəkməyəcək.

Araz Altaylı, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR