Ermənistanın Azərbaycanla sərhəd zonasına yaxın yerləşən Tiqranaşen kəndinin sakinləri dövlətin mənzil təminatı (subsidiyalı ipoteka/tikinti) proqramına qoşulmağa tələsmirlər.
Musavat.com xəbər verir ki, bu məqam, kəndin delimitasiya prosesi çərçivəsində Azərbaycana verilə biləcəyi barədə yayılan şayiələr fonunda daha da diqqət çəkir.
Söz-söhbətlərin alovlanmasına baş nazir Nikol Paşinyanın noyabrda sosial şəbəkələrdə paylaşdığı bir qeyd də təsir edib.
Paşinyan həmin paylaşımda delimitasiya zamanı Ermənistanın Azərbaycanın nəzarətində olan öz suveren ərazilərini geri qaytarmalı olduğunu yazmışdı. Cəmiyyətdə bu fikir, dolayısı ilə keçmiş anklavların, o cümlədən Tiqranaşenin Azərbaycana verilməsi ehtimalına işarə kimi qəbul olunub.
Şübhələri gücləndirən başqa bir detal da var: Tiqranaşenə yaxın Paruyr Sevak kəndində dövlətin mənzil subsidiyası proqramı çərçivəsində artıq 70 ev tikilib. Halbuki Tiqranaşendən bu proqram üzrə indiyədək heç bir sakin müraciət etməyib. Bu məlumatı Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi verib.
Musavat.com






