ABŞ prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsini qəbul etməsinə yaşıl işıq yandırıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ senatoru Lindsi Qrem X hesabında açıqlayıb: "Bu gün bir neçə məsələ üzrə çox məhsuldar görüşdən sonra Prezident Tramp senator Riçard Blumental və bir çox başqaları ilə uzun aylardır üzərində işlədiyim Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsinə yaşıl işıq yandırdı. Gələn həftənin əvvəlində qanun layihəsi ilə bağlı güclü ikipartiyalı səsverməni səbirsizliklə gözləyirəm".
Qrem hesab edir ki, qanun layihəsi qəbul olunarsa, Trampa Çin, Hindistan və Braziliya da daxil olmaqla Rusiyanın ticarət tərəfdaşlarına "böyük təsir" və Rusiya neftini almağı dayandırmaları üçün təzyiq imkanı verəcək.
Qeyd edək ki, sözügedən qanun layihəsi 2025-ci ilin aprel ayının əvvəlində Senat üzvlərinin ikipartiyalı qrupu tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri Qrem və Blumental olub. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edir. Qanunvericilərin təklifi Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxal olunan mallara 500 faizədək tarif tətbiq etməyi tələb edir. Nümayəndələr Palatası da oxşar qanun layihəsini nəzərdən keçirir.
Musavat.com






