İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp savaşın bitməsi üçün konkret vaxt qoydu-“Rusiya hücumlarını daha da genişləndirəcək”

449 26.02.2026 16:01 Dünya A A

ABŞ Prezidenti Donald Tramp ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan son telefon danışığı Ukraynadakı münaqişə fonunda dünya ictimaiyyətinin diqqətini bir daha cəmləyib.

Məlumata görə, söhbət müsbət atmosferdə keçsə də, əhatə etdiyi mövzular olduqca ciddi olub.

Zelenski ABŞ-ın dəstəyinə görə Trampa təşəkkürünü bildirib və vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin yalnız ABŞ-ın təzyiqi ilə müharibəni dayandırmaq imkanına malikdir. Bununla yanaşı, Tramp müharibənin çox uzun sürdüyünü ifadə edərək, prosesin yalnız bir ay ərzində sona çatmasını istədiyini bildirib. Bu dialoq həm ABŞ-ın münaqişədəki rolu, həm də Ukrayna-Rusiya xəttində gərginliyin hələ də davam etdiyini göstərir və beynəlxalq diplomatiya üçün mühüm əhəmiyyət kəsb edir.

Trampın verdiyi vaxtda XXI əsrin ən böyük savaşı bitəcəkmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-a açıqlamasında bildirib ki, Trampın Ukrayna savaşını yaya qədər bitirməkdə maraqlı olduğu bəllidir.
WhatsApp Image 2026-02-26 at 15.32.04.jpeg (91 KB)

Onun sözlərinə görə, bu noyabrda ABŞ-də keçiriləcək aralıq seçkiləri ilə bağlıdır: “Konqresə seçkilər ABŞ hökuməti üçün həlledici əhəmiyyət daşıyır. Çünki, respublikaçılar uduzarlarsa, o zaman Tramp ABŞ tarixində impiçmentlə vəzifəsindən uzaqlaşdırılan ilk prezident kimi yadda qala bilər. Ona görə də hökumət seçkiyə güclü getmək istəyir. Bunun üçün isə Trampın və hökumətin reytinqi yüksək olmalıdır. Ukrayna müharibəsinin davam etməsi isə seçkiöncəsi ABŞ hökumətinə problem yaradır. Amma, məsələ ondan ibarətdir ki, Tramp bunu Ukraynanın əraziləri hesabına etməyə çalışır. Yəni, belə olan halda bu həm də Avropa İttifaqının strateji məğlubiyyətə uğraması deməkdir. Bu isə ABŞ-dəki aralıq seçkilərindən sonra Trampın Avropa İttifaqına təzyiqlərini artırmaq və ittifaq ölkələrində sağçı siyasilərə dəstək verməklə hökumətlərə qarşı etiraz dalğasının yaradılması üçün əsas yaradan faktorlardan biridir. Təbii ki, Avropa İttifaqı bununla heç bir halda razılaşmayacaq və müharibənin davam etməsi üçün Ukraynaya yardımlarını davam etdirəcək. Belə olan halda Rusiya hücumlarını daha da genişləndirəcək. Bu isə bir ay ərzində Rusiya ilə Ukrayna arasında razılaşmanı mümkünsüz edir”.

Cavanşir ABBASLI

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR