ABŞ prezidenti Donald Tramp Braziliyadan idxal edilən müəyyən kənd təsərrüfatı məhsullarına tariflərin azaldılması barədə sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, sərəncamın mətnini Ağ Ev yayıb.
Sənəddə qeyd olunur:
"Rəsmilər tərəfindən mənə verilən məlumatları və tövsiyələri, eləcə də Braziliya hökuməti ilə danışıqların vəziyyətini nəzərdən keçirdikdən sonra, digər məsələlərlə yanaşı, 14323 nömrəli İcra Fərmanı ilə tətbiq edilən əlavə tarifə tabe olan məhsulların siyahısını dəyişdirməyin zəruri və məqsədəuyğun olduğu qənaətinə gəldim. Xüsusilə müəyyən kənd təsərrüfatı məhsullarının 14323 nömrəli İcra Fərmanı ilə tətbiq edilən əlavə tarifə tabe olmayacağına qərar verdim".
Braziliya hökuməti müəyyən kənd təsərrüfatı məhsullarına 40 faizlik ABŞ tariflərinin qaldırılmasını alqışlayır, lakin Vaşinqtonun qalan mal kateqoriyalarına idxal tariflərinə son qoyması üçün fəaliyyətləri davam etmək niyyətindədir. Braziliya Xarici İşlər Nazirliyi Trampın sərəncamına belə şərh verib.
Braziliya diplomatik nümayəndəliyi ABŞ-ın "müəyyən növ ət, qəhvə", manqo, kokos və ananas kimi meyvələrin, eləcə də digər məhsulların idxalına 40 faizlik tarifi qaldırdığını təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin açıqlamasında deyilir:
"Braziliya rəhbərliyi ABŞ hökumətinin müəyyən kənd təsərrüfatı idxalına əlavə 40 faiz rüsumu ləğv etmək qərarını alqışlayır. Braziliya ikitərəfli ticarətin qalan maddələrinə əlavə rüsumları ləğv etmək məqsədilə ABŞ ilə danışıqları davam etdirəcək".
Qeyd edək ki, 14 noyabrda Ağ Ev rəhbəri onlarla meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, çay və mal ətini əvvəllər digər ölkələrdən idxala tətbiq edilən 10 faizlik universal rüsumlardan azad edən başqa bir sərəncam imzalayıb. "The New York Times" qəzetinin məlumatına görə, Vaşinqton administrasiyası bu addımı ABŞ-da ərzaq qiymətlərinin artmasının qarşısını almaq məqsədilə atıb.
Musavat.com






