ABŞ ilə İran arasında hərbi gərginlik yeni mərhələyə keçib.
Musavat.com xəbər verir ki, ABŞ ordusu İranın sahilboyu hərbi infrastrukturuna genişmiqyaslı hava zərbələri endirib, Tehran isə cavab olaraq regiondakı ABŞ hərbi bazalarını raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat zamanı İranın ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə sahilboyu yerləşən təxminən 90 hərbi obyekt vurulub. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, raket və PUA anbarları, sahil müşahidə məntəqələri, hərbi logistika infrastrukturu və dəniz qüvvələrinə aid obyektlərin olduğu qeyd edilib.
İran rəsmiləri ABŞ-nin hava hücumları nəticəsində 14 nəfərin həlak olduğunu, 78 nəfərin isə yaralandığını açıqlayıblar.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatı keçirdiyini bəyan edib. Məlumata görə, Küveyt və Bəhreyn ərazisində yerləşən ABŞ hərbi bazaları raket və dronlarla hədəfə alınıb. İran tərəfi Küveytdəki Arifjan və Əli Əs-Salem, Bəhreyndəki Cuffair və Şeyx İsa bazalarına zərbələr endirildiyini iddia edib.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə açıqlamasında Vaşinqtonun hərbi üstünlük əldə etdiyini bildirib. Onun sözlərinə görə, Tehran administrasiyası ABŞ ilə razılıq əldə etmək istəsə də, buna etibar etmir.
Tramp, həmçinin Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara da toxunaraq, İranın vəziyyətə nəzarəti itirdiyini iddia edib. ABŞ prezidenti bununla yanaşı, İranın danışıqlarda etibarlı tərəf olacağına inanmadığını da vurğulayıb.
Son hadisələr fonunda Yaxın Şərqdə gərginliyin daha da artacağı və qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqlar davam edir.
Musavat.com






