İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “sağ əli”nin Bakı və İrəvana səfəri nəyi dəyişəcək?

769 24.01.2026 12:06 Siyasət A A

Xəbər verdiyimiz kimi, Trampın "sağ əli", ABŞ vitse-prezidenti Cey Di Vens 2026-cı ilin fevral ayında həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.

Bu barədə  ABŞ prezidenti Donald Tramp şəxsi sosial media hesabında məlumat yayıb.

Trampın açıqlamasına görə, səfərin məqsədi sülh prosesinin möhkəmləndirilməsi və Tramp administrasiyasının “Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırdığı strategiyanın irəli aparılmasıdır.

Bəs Vensin Azərbaycan və Ermənistana eyni vaxtda səfəri Vaşinqtonun Cənubi Qafqazda hansı yeni strategiyasından xəbər verir? Bu səfəri ABŞ-ın Cənubi Qafqazda fəallaşmasının başlanğıcı kimi qiymətləndirmək olarmı?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Vensin bölgəyə səfərə gedəcəyi barədə məlumatlar bir neçə ay öncə də yayılmışdı:

"İndi isə bu məlumat Tramp tərəfindən rəsmi şəkildə təsdiqlənib. Qeyd edək ki, ötən ilin 8 avqust tarixində Vaşinqtonda imzalanan sənədlər Amerikanın Cənubi Qafqazda möhkəmlənməsi üçün ciddi hüquqi və siyasi zəmin yaradıb. Bu proses bölgə ölkələrinin, o cümlədən Azərbaycan və Ermənistanın maraqlarına da uyğun hesab olunur.  Eyni zamanda, sözügedən sənədlər Rusiya və İranın bölgəyə, xüsusilə də Ermənistana təsir imkanlarının azalması baxımından da mühüm əhəmiyyət daşıyır. Məhz bu reallıqları nəzərə alan Tramp administrasiyası 8 avqustdan sonra ABŞ-ın regionla əlaqələrini daha yüksək səviyyədə möhkəmləndirmək qərarına gəlib. Artıq Ermənistan ilə Amerika Birləşmiş Ştatları arasında “Tramp yolu”nun inşası ilə bağlı xüsusi şirkət təsis olunub və qarşıdakı mərhələdə bu layihələrin sürətləndirilməsi əsas prioritetlərdən biri kimi qiymətləndirilir".

Picture background

Elxan Şahinoğlunun fikrincə, Vensin fevral ayında eyni zamanda Ermənistana səfəri Vaşinqtonun iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Nikol Paşinyana verdiyi açıq siyasi dəstək kimi də dəyərləndirilə bilər:

"ABŞ bu addımı ilə faktiki olaraq göstərir ki, Paşinyanla siyasi kursu davam etdirmək niyyətindədir. Bu, Azərbaycanın maraqlarına da cavab verir. Çünki Paşinyanın seçkilərdə qələbə qazanması, yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycana ərazi iddialarını ehtiva edən bəndlərin Ermənistan Konstitusiyasından çıxarılması, nəticə etibarilə sülh sazişinin imzalanmasına yol aça bilər. Bu baxımdan, Vensin bölgəyə səfəri və aparacağı danışıqlar yalnız Ermənistan üçün deyil, bütövlükdə regionun inkişafı və sabitliyi baxımından son dərəcə faydalı addım kimi qiymətləndirilə bilər".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR