İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İranı xilas edə biləcəkmi? - Əraqçi Ankaraya gəlir

884 29.01.2026 15:19 Son xəbər A A

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək.

Bir sıra siyasi analitiklər hesab edir ki, küncə sıxışdırılan İranın xilasını Türkiyədən ciddi dəstək almaqda görür. Türkiyə İrana qarşı güc tətbiqinin əleyhinə olduğunu bəyan edib. Türkiyə ABŞ-yə sonadək təsir edə və İrana hərbi müdaxilədən çəkindirə biləcək?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a bildirib ki, İranın indi göstərdiyi fəaliyyət hamıya faydalı olduğunu göstərmək üçün çabalardır. Tehran rejimi indiki vəziyyətdən çıxmaq üçün ən azından qonşu dövlətləri, böyük dövlətləri razı salmağı təmin eləmək istəyir:

“İran bu dövlətlərə lazımlı olduğunu göstərməyə çalışır. Türkiyə İrana qarşı müharibənin olmasına razı deyil, amma İran məsələsində ABŞ-nin digər istəklərini nəzərə alıb. Təzyiqlər və digər qeyri-müharibə vasitələri ilə Amerikanın əldə edə biləcəklərinə Türkiyə müqavimət göstərməyəcək. Türkiyə bölgədə sülh, sabitlik istəyir. Lakin eyni zamanda Hakan Fidan bəyan etdi ki, İran hakimiyyəti xalqın səsini eşitməlidir. Yəni Türkiyə bir əl yeri qoyub. Yəni İranda xalqın istəyi ilə bir dəyişiklik olacaqsa Türkiyə gəlib İran rejimini müdafiə etməyəcək”.

Partiya sədri hesab edir ki, İranın indiki addımları bataqlıq effektidir:

“Yəni hərəkətsiz qalsan batırsan, hərəkət edəndə də batacaqsan. İnanmıram ki, Türkiyə ümumi bəyanatlardan o tərəfə İran hakimiyyətinin xeyirinə olacaq addımlar atsın. Ankara vəziyyəti qiymətləndirir. Artıq İranla sərhəddə bərkitmə işləri görüb. Xüsusi bufer zonaların yaradılması, qaçqın miqrasiyası olarsa qarşısının alınması ilə bağlı müəyyən tədbirlər görülür. Yəni Türkiyə də müharibə olacağı ehtimalını nəzərə alır. Əgər ABŞ-nin İrana qarşı hərbi zərbələr endirmək və müharibə etmək planı varsa Türkiyə istəsə də belə buna mane ola bilməz”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR