Macarıstanın Baş naziri Peter Maqyar 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsində iştirak etmək üçün Türkiyəyə gəlib.
Musavat.com xəbər verir ki, Maqyar rəsmi proqramına paytaxtdan əvvəl İstanbuldan başlayıb.
Baş nazir tarixi yarımadaya səfəri çərçivəsində Sultanəhməd Meydanını, Sultanəhməd Məscidini və Yedikule Qalasını ziyarət edib. O, səfər zamanı çəkilən fotoları sosial media hesabında paylaşaraq Türkiyənin tarixi məkanlarına heyranlığını ifadə edib.
Məlumata görə, Peter Maqyar NATO Zirvəsində iştirak etdikdən sonra Antalyaya yollanacaq və uşaqları ilə birlikdə dörd günlük istirahət edəcək.
Bu il Ankarada keçiriləcək NATO Liderlər Zirvəsində alyansın 32 üzv ölkəsinin dövlət və hökumət başçıları bir araya gələcək. Zirvənin əsas müzakirə mövzuları Avropa təhlükəsizliyi, müdafiə xərclərinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələr olacaq.
Qeyd edək ki, bu toplantı Türkiyənin 2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsindən sonra ev sahibliyi etdiyi ikinci NATO Liderlər Zirvəsidir.
Musavat.com








