Musavat.com xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüşü zamanı Kremlin protokol süfrəsinə çıxarılan yeməklərin siyahısı məlum olub.
Kremlə yaxın mənbələrin bildirdiyinə görə, qonaqlara rus mətbəxinin klassik yeməklərinin modern restoran interpretasiyası təqdim edilib.
Məlumata əsasən, axşam yeməyi posikunkilərlə başlayıb. Ural bölgəsinə məxsus bu xırda piroqların içliyi ətlə hazırlanıb və Kremlin mətbəxində müasir şəkildə təqdim olunub. Daha sonra əsas yemək kimi rus kulinariya ənənələrinin ən məşhur nümunələrindən biri – çoxqatlı xəmir içində balıq, göbələk və göyərti qarışığı ilə bişirilən kulebyaqa süfrəyə verilib. Menyunun növbəti isti bölməsində maral filesi yer alıb. Şimal bölgələrinin premium məhsulu sayılan bu ət xüsusi sous və giləmeyvə qarışığı ilə qonaqlara təqdim olunub.
Süfrədə həmçinin klassik Olivier salatının modern variantı da olub. Salat bıldırcın yumurtası, balıq kürüsü, glazirlənmiş quş budu və təzə göyərti ilə tamamlanaraq “fine dining” tərzində hazırlanıb. Qonaqlara əlavə olaraq müxtəlif balıq assortimenti də təqdim edilib; bu yemək dekorativ qızardılmış kartof “balıq skeleti” ilə bəzədilib.
Axşam yeməyinin sonunda amerikalı nümayəndələrə desert olaraq ənənəvi rus şirniyyatı – şarlotka verilib. Şarlotka yüngül alma içliyi, vanilli krem və giləmeyvə dekoru ilə təqdim olunub.
Musavat.com






