Ukrayna Təhlükəsizlik Xidməti işğal altındakı Krımda yerləşən Rusiyanın "Saki" və "Qvardeyskoye" hərbi aerodromlarına bir həftə ərzində ikinci dəfə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirildiyini açıqlayıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, "Saki" aerodromunda yeddi anqara zərbə endirilib. Anqarlarda "Su-30SM", "Su-30" qırıcıları və "Su-24" cəbhə bombardmançıları saxlanılırdı. Ukrayna Təhlükəsizlik Xidmətindən iddia edilib ki, zərbə nəticəsində azı yeddi təyyarə məhv edilib və ya zədələnib.
Eyni zamanda, bildirilib ki, "Qvardeyskoye" aerodromunda iki anqar vurulub. Qurumun məlumatına görə, həmin anqarlarda "Shahed" PUA-ları və aviasiya avadanlıqları saxlanılırdı.
Qeyd edək ki, iyulun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı "Saki" hərbi aerodromuna uğurlu zərbə endirildiyini və nəticədə Rusiya qırıcılarının olduğu anqarların vurulduğunu bəyan etmişdi.
Qurumdan bildirilib ki, "Saki" və "Qvardeyskoye" aerodromları Rusiya qoşunlarının Krımdakı əsas aviasiya bazalarındandır. Ukrayna tərəfinin məlumatına görə, Ukrayna ərazisinə raket və aviasiya zərbələri endirən, eləcə də Rusiya qüvvələrinin cənub istiqamətindəki fəaliyyətini təmin edən taktiki aviasiya təyyarələri müntəzəm olaraq məhz bu aerodromlardan havalanır.
Rusiyanın Belqorod vilayətinə də PUA hücumları edilib. Məlumata görə, hücum zamanı Miçurinsk İstilik Elektrik Stansiyasına (İES) zərbələr endirilib. Nəticədə stansiya ərazisində güclü yanğınlar baş verib. Belqorod şəhərində elektrik enerjisi və içməli suyun verilişi dayandırılıb.
Rusiyanın Novorossiysk şəhərində isə benzin tamamilə bitib. Şəhər rəhbərliyinin yaydığı müraciətdə bildirilib. “Hörmətli Novorossiysk sakinləri, hazırda yanacaqdoldurma məntəqələrində benzin yoxdur”, - məlumatda qeyd olunub.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






