İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın SON şansı – Ya “Azərbaycan variantı”, ya da...

1309 29.11.2025 16:30 Yazarlar A A

Dünən Avropa Parlamenti Ukrayna münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Rusiyanın öz ərazisi elan elədiyi “yeni bölgələrin” heç vaxt tanınmayacağına dair vəd yer alır. “Ukrayna üzrə hər hansı sülh müqaviləsi Rusiya qüvvələrinin Krım və Donbasdan çıxarılmasını özündə ehtiva etməlidir”, - bəyanatda vurğulamır.

Şübhəsiz, bu, Putinlə yanaşı, Krımı və Donbası Rusiya ərazisi qismində tanımağa meylli olan ABŞ-a, Trampa da aydın mesajdır. Əfsus ki, biz belə ardıcıl, kollektiv prinsipiallığı işğal dönəmində Azərbaycana münasibətdə görmədik. Xristian təəssübkeşliyi (Türk-müsəlman amili), “ikili standart” yanaşması gözlərini tutdu. Amma yenə olsun. Barı Ukrayna haqsızlıq və ədalətsizliklə üzləşib də qırılmasın, ruhdan düşməsin...

Sözü ona gətiririk ki, Moskva ilə sülh anlaşması bu məğrur və cəsur xalqın təməl haqqının yeyilməsi, qürurunun sındırılması hesabına ərsəyə gəlməməlidir. Bu, təkcə Ukrayna xalqı üçün bir şərəf məsələsi də deyil, eyni zamanda, beynəlxalq hüquqda son dərəcə təhlükəli presedentin yaranma ehtimalından dolayı qlobal riskdir.

Əgər Putinin maksimalist tələbləri və istəklərini Kiyev qəbul eləsə, özünün hələ işğal edilməyən qanuni (!) ərazisinin bir hissəsini də “sülh naminə” işğalçı üçün boşaltsa, sabah niyə də Moskva, məsələn, Gürcüstanın Abxaziya və Cənub Osetiya, Moldovanın Dnestryanı bölgələrini artıq de-yure özünə birləşdirməsin? ABŞ buna necə və hansı əks-arqumentlərlə etiraz edəcək, əngəl yaradacaq?

Yaxud dəfələrlə yazdığımız kimi, Moskva növbəti hədəf kimi postsovet məkanının digər ölkəsini, misal üçün, həmsərhəd Qazaxıstanı seçsə, onda necə? Yəni söhbət yalnızca ukraynalıların taleyindən getmir. Nəticələr daha qlobal və daha təhlükəli miqyas ala bilər...

Zelenski, əlbəttə ki, torpaqları atasının mülki kimi heç kimə peşkəş edə bilməz, etməyəcək – burası dəqiq. Öz xalqının tarixində heç kim haqlı ola-ola, xain, xəyanətkar qismində qalmaq istəməz. Ukrayna konstitusiyası da buna izn vermir. Referendum keçirilməlidir. Amma hətta referendum da Kremlin neo-imperialist arzusunun reallaşacağı anlamına gəlmir. Çünki xalqın “yox” demək ehtimalı böyükdür.

Bu mənada Putin də özünü cəncələ, tələyə salıb. Onun durumu Zelenskini ilə müqayisədə yüngül sayılmaz. O da qəliz seçim qarşısında. Çünki hara fırlatsan, Rusiya işğalçıdır. İşğalçının tələblərini hər hansı şəkildə ödəmək isə “işğala davam et” xeyir-duası anlamlına gələr.

Ona görə də sahədəki mövcud şərtlər fonunda Kiyev və Moskva üçün ən optimalı “Azərbaycan variantı” - atəşkəs və cəbhə xəttinin dondurulması görünür. Gəl ki, Rusiya siyasi rəhbərliyi üçün öz vətəndaşlarının həyatı qara qəpiklik dəyərdə deyil...

Ukraynanın seçimini isə yalnız ABŞ, Tamp yüngülləşdirə bilər – Putinə, Rusiyaya real təzyiq rıçaqları qalan Tramp. Zatən, bu, onun missiyası. Ondan imtina Amerikanın beynəlxalq nüfuzunda qara ləkə kimi qalmaqla bahəm, Vaşinqtona dünyada inam-etibar sarsılacaq. Təkcə ukraynalıların yox, ümidlə gözləyənlərin hamısının.

Bu xüsusda aşağıdakı qeydləri də əlahəzrət tarixin mühakiməsi üçün saxlamaqda fayda var.

Az öncə Kiyevdə olmuş Almaniyanın Yaşıllar Partiyasının lideri Franziska Brantner qayıtdıqdan sonra Donald Trampın Ukrayna siyasətini sərt tənqid edən belə bir açıqlama verib: “Mən səfərim zamanı oradakı insanların təslim olmayacağına şəxsən şahid oldum. Bəs Tramp nə edir? O, ukraynalılara arxadan zərbə endirir. Ukrayna yanarkən Vaşinqtondakı bu Neron Vladimir ilə Tramp-Putin müqaviləsi bağlayır. ABŞ-ın Ukraynada müharibəyə son qoymaq planı təslimiyyət müqaviləsidir. Bu nasist dövrünə xas Münhen 2-dir. Bu, xəyanətdir”.

Kəsəsi, Tramp da seçim qarşısında. O səbəbə Ağ Evdə Zelenski ilə növbəti görüş kritik olmaqla yanaşı, yerdə qalan bütün “i”lərin də üzərinə nöqtələr qoyacaq. Həmişəlik...

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR