İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürək həkimləri vahiməli qorxu evlərindən DANIŞDI

1046 02.12.2025 18:27 Ölkə A A

Bakıda 15 yaşlı Nigar Mustafayevanın “qorxu evi”ndə başına gələn hadisə yenidən bu tip əyləncə məkanlarının fəaliyyətini müzakirəyə çıxarıb. Yeniyetmənin sözlərinə görə, “Phobia Games”də yaşananlar sadəcə uğursuz təsadüf deyil – təhlükəsizlik qaydalarına əməl olunmadığını göstərən ciddi siqnaldır. Obyektin müşahidə kameralarına düşən kadrlarda Nigar və rəfiqəsinin qaçarkən açıq qalan rəfə çırpılması, qızın huşunu itirməsi və nəticədə başına 11 tikiş qoyulması hadisənin nə qədər ciddi olduğunu təsdiqləyir. Daha narahatedici məqam isə zərərçəkən ailənin iddiasıdır: məkan rəhbərliyi nə yeniyetmənin səhhəti ilə maraqlanıb, nə də üzrxahlıq üçün əlaqə saxlayıb.

Hadisə “Phobia Games” tərəfindən fərqli cür təqdim edilir: onlar bildirirlər ki, aktyorların kimisə itələməsi mümkün deyil, zərərçəkmiş qız “vəhləyə düşərək” özü qaçıb və diqqətsizlik səbəbilə yıxılıb. Hətta iddia olunur ki, xəstəxana xərclərini ödəməyi təklif ediblər, amma “qarşı tərəf çox tələb etdiyinə görə” razılıq əldə olunmayıb. Ailə isə bu kimi açıqlamaları yalan sayır və məsələni polisə daşıyıb.

Bu hadisə təkcə bir ailənin başına gələn qəza deyil. Cəmiyyətin böyük hissəsi üçün sual belədir: qorxu evləri nə dərəcədə təhlükəsizdir, onları kim nəzarətdə saxlayır və ümumiyyətlə, bu məkanların fəaliyyəti hansı normalarla tənzimlənir?

“Qorxu evi” anlayışı dünya əyləncə sənayesində təxminən 100 ildən çoxdur mövcuddur. İlk nümunələr 1910–1930-cu illər arasında ABŞ və Böyük Britaniyada yaranıb. O dövrdə Halloween ənənəsinin genişlənməsi fonunda süni labirintlər, qaranlıq koridorlar, qəfil peyda olan personajlar və səs effektləri insanların adrenalin ehtiyacını qarşılayan yeni əyləncə trendinə çevrildi. Zamanla bu məkanlar texnoloji baxımdan daha modern oldu: hərəkətli manekenlər, pnevmatik qurğular, real səslər, duman effektləri və aktyor performansları qorxu təcrübəsini daha real hala gətirdi.

Bu konsepsiya Azərbaycana isə əsasən 2010-cu illərdən sonra gəlib. İlk illərdə bu məkanlar yeni və maraqlı atraksion kimi qarşılandı, sosial şəbəkələrin təsiri ilə populyarlaşdı. Lakin problem ondadır ki, “qorxu evi” adlanan məkanların əksəriyyətinə dövlət tərəfindən xüsusi lisenziya və ya təhlükəsizlik standartı tətbiq edilmir. Yəni bu sahəni tənzimləyən xüsusi qanunvericilik yoxdur. Nəticədə hər sahibkar öz qaydasını, öz “oyun” mexanizmini qurur – təhlükəsizlik isə arxa plana keçir.

Psixoloqlar isə bu məkanların populyarlığını onunla izah edir ki, insanlar qorxunu idarə olunan şəraitdə yaşamağı sevirlər. Adrenalin insan beynində həyəcan, maraq və hətta xoşbəxtlik hormonlarının ifrazını artırır. Qorxulu evlərdə bu proses təhlükəsiz göründüyü üçün qorxu “təhlükə” yox, “əyləncə” kimi qəbul edilir. Lakin bu təcrübə yeniyetmələr üçün daha riskli ola bilər - həm fiziki, həm də psixoloji baxımdan. Qəfil səhnələr ürək ritmini kəskin şəkildə dəyişə, panikaya səbəb ola, qaçış zamanı qəza riskini xeyli artıra bilər. Məhz buna görə bir çox ölkədə qorxu evlərinə yaş məhdudiyyəti, qəfil kontakt və fiziki təmas qadağası, xüsusi təhlükəsizlik protokolları tətbiq edilir.

Bakıda 15 yaşlı qızın başına gələn hadisə acı şəkildə göstərdi ki, Azərbaycandakı qorxu evləri bu standartların çoxundan kənarda fəaliyyət göstərir. Bu məkanlarda işıqlandırma minimum saxlanılır, personajla qonaqlar arasında məsafə qaydası çox zaman pozulur. Açıq qalan rəf kimi “xırda” detallar isə 11 tikişlə nəticələnəcək qədər təhlükəlidir.

Məsələ təkcə bir sahibkarın səhlənkarlığı deyil — sistemli nəzarət boşluğudur. Bu gün bir yeniyetmənin başı yarılıbsa, sabah başqa birinin həyatı riskə düşə bilər.

271247037_133499875794597_2930866827848095163_n.jpg (629 KB)

Kardioloq Jalə Abbasova Musavat.com-a bildirib ki, bu tip əyləncə yerlərində yaşanan qəfil qorxular insan ürəyinə ciddi zərər verə bilər.

Onun sözlərinə görə, heç bir xəstəliyi olmayan adamda da qorxu hissi ürəyin gücünü azalda bilər:

“Bu sevinc hissinə də aiddir. Bu cür əyləncələr insanlara tövsiyə olunmur. Ruhsal olaraq insanların sinirlərini korlayır. Davamlı qorxulu yerlərə getmək və qorxu filmlərini izləmək insanın beynini yükləyir. Nəticədə manyakal psixologiya formalaşır, insanlar aqressivləşir. Gəncləri belə əyləncələrə cəlb edən də onların daxilindəki aqressiv düşüncədir. Onlar bunun fərqində olmadan aqressiv və qorxulu əyləncələrə meyl edirlər. İnsan özünü təhlil etsə və oraya nə üçün getdiyini dərk etsə o həvəs olmayacaq. İlk olaraq insan o aqressiyanı içindən çıxarmalı və pozitiv enerji ilə yüklənməlidir. Bundan sonra o, insan ruhuna yaxşı, pozitiv əyləncəli yerlərə gedər. Mental sağlamlıq yaxşı olsa, ürək-daar xəstəlikləri yaranmaz. Hər şey beyindən başlayır”.

36b74ce5573984e62d016461fca7ea78.jpg (62 KB)

Kardioloq, professor İdris Xəlilov da mövzu ilə bağlı danışıb: “Mən çox təəssüf edirəm ki, Bakıda “Qorxu evi” deyilən bir “ev” var. Görünür ki, insanlar pul qazanmaq üçün min cür oyunlardan çıxmaqdan əl çəkməyəcəklər. Dediyiniz adrenalin və ona bənzər digər stress hormonlar diabet, hipertenziya, aritmiya, psixiatrik və psixoloji problemlər yarada bilir. Normal insanlarda 5% tam stress nəticəsində qəfləti ürək ölümü müşahidə olunur. Uşaqlara və gənclərə həyatın sevmək, dünyanı gözəlləşdirmək əvəzinə zorakılığı, pulu, pis əməlləri təbliğ etməyin heç bir faydası olmayacaq! Görüləsi o qədər işlər var ki…”.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR