Musavat.com xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kreml divarları arxasında keçirilən beş saatlıq Putin–Uitkoff görüşü ilə bağlı TASS-a bir-birindən mühüm açıqlamalar verib.
Uşakov görüşü “konstruktiv, çox faydalı və məzmunlu” adlandırıb. Onun sözlərinə görə, tərəflər Ukrayna üzrə bir neçə fərqli sülh planı variantını müzakirə ediblər. Amerikalıların bəzi təklifləri Rusiya üçün “qəbul edilə bilən”, bəziləri isə “uyğun olmayan” hesab olunub. Kompromis variant hələ tapılmayıb.
Rusiya rəsmisi bildirib ki, görüş zamanı ərazi məsələsi də gündəmə gətirilib, həmçinin Rusiya–ABŞ iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub. Bundan başqa, Moskva ABŞ tərəfinin təqdim etdiyi 28 maddəlik ilkin planla yanaşı, əlavə dörd sənəd də alıb. Bu sənədlərin nədən ibarət olduğu açıqlanmır.
Uşakovun sözlərinə görə, danışıqlarda ABŞ-ın hazırladığı sülh planının konkret formulları deyil, məzmunu müzakirə olunub. O, Rusiya və ABŞ arasında kontakların davam etdiriləcəyini vurğulayıb.
Ən diqqətçəkən açıqlamalardan biri isə Putinlə bağlıdır: Uşakov deyib ki, Rusiya prezidenti Donald Trampa Uitkoff vasitəsilə “dost salamı” və bir sıra mühüm siyasi siqnallar göndərib.
O əlavə edib ki, Putin və Trampın mümkün görüşü yardımçıların və xarici işlər nazirliklərinin aparacağı işdən asılı olacaq.
Musavat.com






