İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərə xəbərdarlıq: bu hədiyyələri alarkən diqqətli olun!

631 27.12.2025 11:05 Yaşam A A

AQTA dükanlarda uşaqlar üçün satışa çıxarılan Yeni il bağlamaları ilə bağlı əhaliyə çağırış edib; həkim deyir ki, bu məhsulları almaq təhlükəlidir

Hər il olduğu kimi, bu il də market və dükanlarda, həmçinin bazarda uşaqlar üçün içində oyuncaq və qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Onların qiyməti tərkibinə, keyfiyyətinə görə dəyişir.

Balacaların sevincinə səbəb olan bu hədiyyə qutularında bəzən onların sağlamlığı üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, həmin qutulara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Həmin hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından, bəzi şirkətlər bayramdan istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayırlar.

Məlum vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə müraciət edib. Müraciətdə bildirilir ki, uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır. Eyni zamanda, qeyd edilir ki, bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixini göstərir. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına da ciddi diqqət yetirmələri tövsiyə olunur: “Estetik cəlbedici qutulara saxlanma şəraitinə uyğun olmayan, artıq təhlükəli vəziyyətə gəlmiş, yararlılıq müddətinin bitməsinə az qalmış mallar doldurulur”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə bildirib ki, istehlakçının məhsul alarkən onun istehsal və son istifadə tarixinə diqqət yetirmək hüququ var: “Qutunun içərisindəki məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə, həmin malların geri qaytarılması məqsədəuyğundur. Lakin bəzi konfetlərin üzərində bu məlumatlar, ümumiyyətlə olmur. Etiketlərin ölçüsü kiçik olduğu üçün istehlakçılar onları yoxlamaqda çətinlik çəkir. Bu problem illərdir davam edir. Buna görə də valideynlər belə məhsulları alarkən xüsusilə diqqətli olmalıdır. Hər hansı problemlə üzləşdikdə isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə edilir”.

Qida mütəxəssisi və ya bir həkimlə mövzuya davam. Bayram günlərində uşaqlara əsas təhlükə nədən qaynaqlana bilər?

Qripi bu yolla müalicə edənlərə xəbərdarlıq: Şok keçirə bilərsiniz! Yeni  Sabah

Şahvələd Məmmədov

Həkim-ekspert Şahvələd Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu, çox doğru və vaxtında verilmiş sualdır. Bayram ərəfəsində, xüsusilə tətil günləri öncəsində kütləvi yerlərdə, rayonlarda, qəsəbələrdə müşahidə edirik ki, mənşəyi və mənbəyi bilinməyən müxtəlif oyuncaqlar, qutular satılır. Həmin qutuların içərisinə qablaşdırılmış müxtəlif qida məhsulları, şokoladlar, konfetlər, pirojnalar və digər şirniyyatlar qoyulur. Təbii ki, əgər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələ ilə bağlı müraciət edibsə, insanlar daha diqqətli olmalıdır. Birinci növbədə, həmin hədiyyə qutularının alındığı marketlərə və ticarət obyektlərinə diqqət yetirilməlidir. Küçədə, kənar guşələrdə, qeyri-rəsmi ticarətlə məşğul olan şəxslərdən bu cür məhsulların alınması məsləhət deyil”.

Həkim qeyd edir ki, bayram günlərində bu cür məmulatları alan istehlakçılar, xüsusilə də uşaqlar arasında çox ciddi fəsadlarla üzləşə bilərlər: “Yəni, zəhərlənmə halları baş verə bilər. Bir mütəxəssis kimi deyə bilərəm ki, son vaxtlar müxtəlif mənşəyi və mənbəyi məlum olmayan şokolad və qənnadı məhsulları ilə bağlı allergik reaksiyalar yaşayan xəstələr mənə müraciət ediblər. Mən bunun şahidi olmuşam, bu cür müraciətlər qeydə alınıb və müvafiq tövsiyələr verilib. Ona görə də bayram günlərində xüsusilə qeyd etdiyim kimi, mənşəyi və mənbəyi bəlli olmayan, kiçik və qeyri-rəsmi ticarətlə məşğul olan bazarlardan, küçə ticarəti ilə məşğul olan şəxslərdən bu cür məhsulların alınması məsləhət deyil.

Əksinə, sertifikatlaşdırılmış, böyük və tanınmış marketlərdən alış etmək daha məqsədəuyğundur. Alınan məhsulların və hədiyyə qutularının istehsal tarixinə, son istifadə müddətinə diqqət yetirilməlidir. Qutuların içərisində olan şokolad, konfet və digər qida məmulatlarının tərkibi mütləq yoxlanmalıdır.

Hər hansı uyğunsuzluq, qeyri-dəqiqlik və ya şübhəli hal müşahidə olunarsa, 1003 Qaynar Xəttinə zəng vursunlar. Ümumiyyətlə, valideynlər diqqətli olmalıdırlar. Çünki uşaqlar bu cür qablaşdırılmış hədiyyə qutularındakı məhsullara qarşı çox həvəslidirlər. Valideyn nəzarəti bu məsələdə xüsusilə vacibdir". 

Bayram günləri süfrələrin bol və müxtəlif olması ilə seçilir. Lakin həkimlərin fikrincə, bu dövrdə düzgün qidalanmamaq mədə-bağırsaq problemləri, qida zəhərlənməsi, allergik reaksiyalar və xroniki xəstəliklərin kəskinləşməsi ilə nəticələnə bilər. Ona görə də mütəxəssislər bayram süfrəsində ölçülü-biçili davranmağı tövsiyə edirlər. Mütəxəssislərə görə, bayram günlərində əsas səhvlərdən biri həddindən artıq yeməkdir. Uzun müddət ac qaldıqdan sonra birdən-birə çox və ağır yeməklər qəbul etmək mədəyə ciddi yük salır. Bu da köp, ürəkbulanma, halsızlıq və həzm pozğunluqlarına səbəb olur. Ona görə də qida qəbulunu gün ərzində hissələrə bölmək, az-az, lakin tez-tez yemək daha məqsədəuyğundur.

Mütəxəssislər xüsusilə yağlı, qızardılmış və mayonezli yeməklərin miqdarına diqqət yetirməyi məsləhət görürlər. Bu tip qidalar bayram süfrəsində tez-tez yer alsa da, mədə-bağırsaq sistemi üçün ağır sayılır. Həkimlər salatlarda mayonez əvəzinə qatıq və ya zeytun yağı kimi daha yüngül alternativlərdən istifadə edilməsini tövsiyə edirlər. Ət yeməklərinə üstünlük verilərkən isə qızartmadan çox sobada və ya buğda bişirilmiş variantlar seçilməlidir.

Bayram günlərində qida təhlükəsizliyi də mühüm məqamdır. Həkimlər bildirirlər ki, uzun müddət otaq temperaturunda qalan yeməklər tez xarab ola və qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə kremli şirniyyatlar, salatlar və süd məhsulları düzgün şəraitdə saxlanılmalıdır. Son istifadə tarixi məlum olmayan və ya şübhə doğuran məhsulların istehlakından çəkinmək lazımdır. Şirniyyatlara münasibətdə də diqqətli olmaq tövsiyə olunur. Həkimlərin fikrincə, bayram günlərində şəkərli qidaların həddindən artıq qəbulu uşaqlarda və böyüklərdə qan şəkərinin yüksəlməsinə, diş problemlərinə və allergik reaksiyalara səbəb ola bilər. Şirniyyatları tamamilə kənarlaşdırmaq mümkün olmasa da, miqdarı azaltmaq və meyvələrə üstünlük vermək daha sağlam seçim sayılır.

Maye qəbulu da unudulmamalıdır. Bayram süfrəsində qazlı və şirin içkilər çox olsa da, həkimlər əsasən su içməyi tövsiyə edirlər. Kifayət qədər su içmək həzmi asanlaşdırır və orqanizmin yüklənməsinin qarşısını alır. Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər bayram günlərində daha diqqətli olmalıdırlar. Həkimlər bu qruplara yaşa və sağlamlıq vəziyyətinə uyğun olmayan ağır qidaların verilməsini məsləhət görmürlər. Valideynlər uşaqların nə yediyinə nəzarət etməli, xüsusilə tanımadıqları məhsulları az miqdarda verməlidirlər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR