Cenevrədə aparılan danışıqlardan sonra razılaşdırılmış ABŞ-ın Ukrayna üzrə yenilənmiş planı 28 maddədən 19-a qədər azaldılıb və ən həssas tələblərin bir hissəsi çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, sənəddə Ukraynanın Donbası Rusiyaya verməsini tələb edən bənd, eləcə də digər ərazi müddəaları çıxarılıb.
Nəşrin yazdığına görə, bu planın variantını ABŞ ordusunun naziri Den Driskoll Rusiya nümayəndə heyətinə Abu-Dabidə keçirilən danışıqlarda təqdim edib.
Görüşlər dünən başlayıb və bu gün də davam edəcək. Moskva bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
"Bloomberg"in məlumatına görə, rusiyalı rəsmilər yenidən işlənmiş planı "mənasız" hesab ediblər və onun razılaşma üçün əsas kimi istifadə edilə bilməyəcəyini bildiriblər.
"CBS News" və "Financial Times" da Driskolun Əbu-Dabidə olduğunu və Rusiya tərəfi ilə görüşlər keçirdiyini təsdiqləyirlər.
"Hələ də deyəcək bir sözümüz yoxdur. Media xəbərlərini izləyir və təhlil edirik", - Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında qeyd edib.
Musavat.com






