Xaçmaz rayonunun Armudpadar kəndində illərdir verilən vədlər yerinə yetirilmir.
Kənd sakinləri Musavat.com-a bildiriblər ki, onlara dəfələrlə yeni məktəbin tikiləcəyi vəd olunsa da, bu sözlər indiyədək kağız üzərində qalıb. Mövcud məktəb binası isə ildən-ilə daha da yararsız hala düşür, uçub-dağılmaq üzrədir.
Armudpadar kənd ümumi orta məktəbinin qəzalı vəziyyəti valideynləri ciddi şəkildə narahat edir. Onların sözlərinə görə, bina artıq təhlükə mənbəyinə çevrilib və uşaqların hər gün bu şəraitdə dərsə getməsi böyük risk daşıyır:
“Uşaqlarımızı qorxa-qorxa məktəbə göndəririk. Divarlar çatlayıb, tavan köhnəlib, hər an nə isə uça bilər. İllərdir deyirlər ki, yeni məktəb tikiləcək, amma ortada heç bir real addım yoxdur”, - deyə valideynlər narazılıqlarını bildirirlər.
Sakinlər qeyd edirlər ki, ötən tədris ilində məktəbin sinif otaqlarından birinin divarlarında ciddi qəzalı vəziyyət yaranıb. Rəsmi qurumlardan operativ müdaxilə olmadığı üçün kənd camaatı məcbur qalıb problemi öz şəxsi vəsaiti hesabına aradan qaldırıb:
“Dövlət qurumlarından kömək gəlmədi, öz cibimizdən pul yığıb divarı təmir etdik. Amma bu müvəqqəti həll yoludur. Bina ümumilikdə qəzalıdır,” – deyə kənd sakinləri bildirirlər.
Valideynlər və kənd ictimaiyyəti aidiyyəti qurumlara çağırış edərək məsələ ilə bağlı təcili tədbir görülməsini, uşaqların təhlükəsiz şəraitdə təhsil almasının təmin edilməsini xahiş edirlər. Onların sözlərinə görə, hər hansı bədbəxt hadisə baş vermədən problem kökündən həll olunmalıdır.
Musavat.com məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Sorğu cavablandırıldığı təqdirdə, mövzu ilə bağlı əlavə məlumat veriləcək.
Afaq Mirayiq,
Musavat.com






