Yeni ilin gəlişinə sayılı günlər qalır. Cəmi 14 gün sonra Azərbaycan 2026-cı ili qarşılayacaq. Bu münasibətlə paytaxt Bakıda müxtəlif əyləncə proqramları, konsertlər və kütləvi tədbirlər planlaşdırılır, artıq bayram proqramlarının detalları da ictimaiyyətə açıqlanmağa başlayıb. Lakin diqqət mərkəzində olan əsas suallardan biri azad olunmuş ərazilərin Yeni ilə necə hazırlaşmasıdır. İllər sonra dirçələn Qarabağ və Şərqi Zəngəzurda bayram ab-havası necə olacaq, hansı tədbirlər keçiriləcək və paytaxtdan hansı sənətçilər bu ərazilərdə Yeni il proqramlarında iştirak edəcək?
Musavat.com bu suallara aydınlıq gətirməyə çalışır.
İlk olaraq Xankəndidə baş tutacaq tədbirlərə nəzər salaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı saytımıza bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək:
“Dekabrın 27-də şəhərin Zəfər meydanında "Qış nağılı" olacaq. Bayram yarmarkası yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

Dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq. Bu, Xankəndidə keçirilən sayca 2-ci Yeni il tədbiri və bayram yarmarkasıdır”.
A.Telmanqızının sözlərinə görə, Xankəndidə keçiriləcək bayram konsertində iştirak etmək üçün müğənnilər dəvət olunub. Aysel Əlizadə, "Cin" ləqəbli Ceyhun Zeynalov, Türkan Vəlizadə, İlkin Əhmədov, Əminə Şirin, Ayan Babakişiyeva, Elvin Abdullayev, Samir Piriyev, Nuran, gitaraçı Murad Azəri və digərlərinin iştirakı gözlənilir:
“Bayram konserti və “Qış nağılı” yarmarkası bu il də Xankəndinin Zəfər meydanında keçiriləcək. Giriş həmişəki kimi pulsuzdur. Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. Sizi Xankəndi qış nağılı yarmarkasına dəvət edirik. Xankəndi hər addımınızı macəraya çevirəcək”, -deyə bildirilib.
O da qeyd olunub ki, Xankəndinin mülayim havası yarmarkanın və açıq havada digər Yeni il şənliklərinin keçirilməsi üçün tam uyğundur.

Musavat.com şəhəri bayram günündə ziyarət edəcək turistlər üçün hotel qiymətləri ilə də maraqlanıb. “Palace” hoteldən bildirilib ki, hoteldə bir gecə iki gün qalmaq üçün 240 manatdan keçməlisiniz. Şah Əsəri Xankəndi: 960 – 1620 manat civarındadır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova Musavat.com-a bildirib ki, Şuşada da yarmarka təşkil olunacaq: “Sakinlər, restoranlar və iaşə obyektləri bu yarmarkalara qoşulacaq. Bizim bütün tədbirlərdə və yarmarkalarda həmişə sakinlər iştirak edib. Dekabrın 31-də bizdə konsert proqramı da nəzərdə tutulub”.
Bu arada qeyd edək ki, bayram günlərində şəhəri ziyarət edəcək qonaqlar və turistlər üçün də hotel qiymətləri açıqlanıb. Bildirilib ki, “Şuşa Hotel”də 31 dekabr – 2 yanvar tarixlərini əhatə edən 2 gecə – 3 günlük paket 2 nəfər üçün 950 manatdır. Paketə qala-bufet şam yeməyi, 1 yanvar xaş və səhər yeməyi, eləcə də axşam bufeti daxildir. Əlavə qonaqlar üçün qiymət 12 yaşdan yuxarı 400 manat, 12 yaşdan kiçiklər üçün 215 manatdır.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova saytımıza bildirib ki, Laçın şəhərində də Yeni il tədbirləri qeyd olunacaq. Onun sözlərinə görə, bu barədə ən qısa zamanda məlumat veriləcək.
Qeyd edək ki, “Lachin Resort & Spa” da Yeni il günü və onun səhərisi də daxil olmaqla iki gecə 1640 manata başa gəlir. Şəhərə səfər edən turistlər hotellərdən istifadə edə bilərlər. Bayram günü bu oteldə Miri Yusif və digər müğənnilərin çıxışı gözlənilir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva saytımıza bildirib ki, Cəbrayıl və Zəngilanın məskunlaşma olan bütün yaşayış məntəqələrində bayram abu-havası yaratmaq üçün əyləncə və xüsusi proqramlar nəzərdə tutulub:”Proqram əsasən yarmarkalardan ibarətdir. Əhali özünün hazırladığı məhsulları yarmarkaya çıxaracaq. Uşaqlar üçün əyləncələr təşkil ediləcək. Musiqi proqramları olacaq və animatorlar nəzərdə tutulub. Böyük konsert proqramı nəzərdə tutulmayıb. Soyuq əllər, isti ürəklər formatında şəhər bayramı təşkil olunacaq.
Bayram günlərində Zəngilana gələn qonaqlar “Ağalı” hotelində gecələyə bilərlər . Burada 31 dekabr gecələmək iki nəfər üçün 170 manata başa gələcək.
Qiymətlərin yüksək və ya aşağı olmasından asılı olmayaraq, əsas məsələ bizim azad ərazilərimizdə Yeni ili qeyd etməyimiz və arzularımızın gerçəkləşməsinin verdiyi həzdir.
Şahanə Rəhimli
Musavat.com







