Rəqəmsal iqtisadiyyatın genişlənməsi ilə birlikdə dövlətlər beynəlxalq rəqəmsal platformaların fəaliyyətinin tənzimlənməsinə və vergiyə cəlb olunmasına daha çox diqqət yetirirlər. Azərbaycan da bu istiqamətdə islahatları davam etdirərək xarici rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması və fəaliyyətinin hüquqi çərçivədə təşkil olunması üçün yeni mexanizmlər tətbiq edir.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

Bildirilib ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında Apple, Adobe, Sony Interactive Entertainment, Epic Games, Chess.com və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Maliyyəçi-ekspert Namiq Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycanda xarici rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması qlobal brendlərin sahibkarlıq subyekti kimi Azərbaycan bazarına daxil olması deməkdir.
Ekspertin sözlərinə görə, uçotdan əvvəl də onlar bəzi xidmətləri yerli istehlakçılara satırdılar, sadəcə həmin xidmətlərə görə əlavə dəyər vergisi (ƏDV) birbaşa istehsalçıdan deyil, onun müştərisindən tutulurdu, yəni xidmətin haqqını kartla ödəyən zaman banklar onun üzərinə ƏDV-ni də əlavə edirdilər: “Bundan sonra isə həmin vergi birbaşa xarici rəqəmsal xidmət təchizatçısından tutulacaq. Əsas məsələ odur ki, həmin təchizatçılar ölkəmizdə yerli rəqibləri ilə eyni şərtlərlə fəaliyyət göstərəcəklər, icarəyə ofis götürəcələr, iş yerləri açacaqlar, bununla da, təkcə ƏDV deyil, digər vergiləri də ödəyəcəklər. Bu cür şirkətlərin vergi uçotuna alınması üçün təxminən 3 ay vaxt qalıb. Çünki, yenilənmiş Vergi Məcəlləsinə əsasən, sentyabrdan elektron ticarətlə məşğul olan və ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən şirkətlərin vergi orqanında elektron qeydiyyatı olmasa, onlar xidmətlərini Azərbaycanda sata bilməyəcəklər”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Nigar Həsənli,
Musavat.com






