Yaponiya hökuməti Qəzza zolağında atəşkəsin monitorinqi üçün ABŞ-ın təşəbbüsü ilə yaradılan koordinasiya mərkəzinə mülki mütəxəssislər göndərmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı Yaponiya hökumətindəki mənbələrinə istinadən "Asahi" qəzeti yayıb. Bildirilir ki, mərkəzin işində yalnız humanitar sahədə iştirak gözlənilir. Həmçinin qeyd olunur ki, Yaponiya komandasına beynəlxalq humanitar təşkilatlar və QHT-lərdə çalışan və digər məsələlərlə yanaşı, infrastrukturun bərpası üzrə ixtisaslaşmış regional mütəxəssislər daxil olacaq.
Qeyd edək ki, atəşkəs əldə edildikdən sonra İsrailin cənubunda Qəzza sərhədi yaxınlığında hərbi-mülki koordinasiya mərkəzi yaradılıb. Mərkəz Qəzzadakı vəziyyətlə bağlı müxtəlif mənbələrdən, o cümlədən kəşfiyyat dronlarından və beynəlxalq təşkilatlardan real vaxt rejimində məlumat toplayacaq. ABŞ-ın rəhbərlik etdiyi mərkəzdə 40-dan çox ölkə və təşkilatın nümayəndələrinin iştirak edəcəyi bildirilib.
Musavat.com






