İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxamızı kənara çəkməli deyilik, yığışıb cavab verməliyik” – Novella Cəfəroğludan ÇAĞIRIŞ

1765 25.06.2026 14:46 Müsahibə A A

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb. Hüquq müdafiəçisi ilə söhbətimizin məzmunu həbsdə olan erməni hərbi canilərin beynəlxalq müdafiəsinin təşkilidir.


Müsahibəni təqdim edirik:


- Novella xanım, ötən gün Konqresdə erməni məhbusların həbsinin 1000-ci gününə həsr olunmuş tədbir keçirildi. Belə toplantıların məqsədi nədir?


- Əvvəla, erməni diasporu ABŞ-də güclüdür. Onlar çoxdan kök salıblar və konqresmenlərlə işləyirlər. Ona görə də Konqres üzvlərinin bəziləri ilə razılaşma əldə edirlər. Bunun özü də lobbi işinin tərkib hissəsidir. Həmin konqresmenlər də pul müqabilində erməni lobbisinin tapşırıqlarına uyğun ictimai kampaniya təşkil edirlər. Onların məqsədi erməni məhbusların həbsinə siyasi don geyindirməkdir və Azərbaycanda guya qanunsuz şəkildə saxlanıldıqları haqda beynəlxalq ictimai rəy formalaşdırmaqdır. Yəni demək istəyirlər ki, bu cinayətkarlar Qarabağdakı qanunsuz hərəkətlərinə görə yox, siyasi səbəblərlə bağlı tutulublar. Təəssüf ki, bu çirkin kampaniyanı aparırlar. Amma özümüzə də tənqidi yanaşmalıyıq. Biz ABŞ institutları ilə az işləyirik. Onlarla əlaqə saxlamaq, danışıqlar aparmaq lazımdır. Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyalar, eləcə də diasporumuz belə görüşlər təşkil etməlidir. Biz dünya ictimaiyyətini məlumatlandırmalıyıq ki, azad olunan ərazilərə köçənlərimiz hələ də mina təhlükəsi ilə üz-üzədir, amma onlar cinayətkar erməniləri müdafiə edirlər. Biz faktlar, filmlər təqdim etməliyik, iş görməliyik, kampaniya aparmalıyıq. Yəni təkcə hakimiyyət yox, digər siyasi qüvvələr də fəal olmalıdır. Rəhmətlik Heydər Əliyevin dövründə həm özü xaricilərlə görüşürdü, həm bizim amerikalı, avropalı qonaqlarla müzakirələrimiz olurdu. İndi bu əlaqələri kəsmişik, bütün məsuliyyəti prezidentin üzərinə qoymuşuq. Cənab İlham Əliyev Azərbaycanın xarici siyasətini çox böyük məharətlə yürüdür.
Ancaq yaxamızı kənara çəkməli deyilik. Müstəqil təşkilatlar yığışıb bu məsələlərə cavab verməlidir, ermənilərin Qarabağdakı əməlləri haqda danışmalıdırlar.


- Yeri gəlmişkən, Vardanyanın ailəsi qadın hüquq-müdafiə təşkilatlarını bir araya gətirib Bakıya gəlmək istəyir. Belə bir görüşə şərait yaradıla bilərmi?


- O istəyir ki, biz “yox” cavabı verək və bunu da gündəmə gətirsin. Vardanyanın pulu ilə müharibəni davam etdiriblər, separatizmi maliyyələşdiriblər, indi barəsində siyasi məhbus obrazı yaratmağa çalışırlar. Sadəcə, Vardanyanı ona görə müdafiə edirlər ki, pulu var. Ancaq bu adam Rusiya vətəndaşı olduğu halda Qarabağa gəlib qanunsuz fəaliyyət göstərib. Biz onu azadlığa buraxmalıydıq? Hansı ölkənin qanunlarında var ki, xunta rejiminin fəaliyyətinə göz yumulsun?! Sadəcə, Qarabağ mövzusunda Azərbaycana deməyə heç bir arqument qalmayıb, indi hərbi canilərin həbsi üzərindən “qara piar” aparırlar. Biz bu məsələlərə sərt reaksiya verməliyik. Ona görə deyirəm ki, rəhmətlik Heydər Əliyevin vaxtında partiyalar bir yerdə hərəkət edirdi, ümummilli məsələlərdə ayrıca hərəkət etmirdilər. Yəni YAP, Müsavat, AXCP, AMİP və başqaları “mismarı bir yerə vururdu”.
İndi də bu məsələlərdə birgə hərəkət etmək lazımdır. Çünki müharibədən sonrakı dövrdə də bizə qarşı cəbhə açanlar var: bir yandan konqresmenlər, o tərəfdən avropalı deputatlar, onlarla birgə addımlayan erməni diaspor və lobbisi, tutulanların ailələri…


- Avropa Məhkəməsi də onlardan geri qalmır, aprel döyüşlərində ölmüş erməninin ailəsinə təzminat ödəməyimizi tələb edir…


- Biz Avropa Məhkəməsinə cavab vermişik. Ümumiyyətlə, sülh müqaviləsinin bağlanması ərəfəsində belə təzyiqlər olacaq. Amma sülh olacaq deyə qarşı tərəfin hücumlarına sakit qala bilmərik. Əvvəla, sülh ən çox elə ermənilərə lazımdır. Bunu da onlara izah etməliyik ki, sülh ermənilərə hərtərəfli fayda verəcək. Artıq nəticələri də var – neft məhsullarımız gedir, taxıl, gübrə daşınır. Sabah da yollar açılacaq, daha çox alış-veriş olacaq. Ancaq onu da bilməlidirlər ki, biz ermənilərlə dost olmuruq, sadəcə, normal qonşu kimi yaşamalıyıq. Təəssüf ki, bu sülh fürsəti olduğu halda, dünyadakı erməni diasporası bu məsələlərdən əl çəkmir, gah Konqresdə görüşlər keçirilir, gah bəyanatlar səsləndirilir.


Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR