Xəbər verdiyimiz kimi, Milli Məclisin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihə barədə məlumatı bu gün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. Komitə rəhbərinin sözlərinə görə, Silahlı Qüvvələrin yüksək tələbat olan ixtisaslara malik hərbi qulluqçularla - həkim, İT mütəxəssisi, maliyyəçi, hüquqşünas və digər mütəxəssislərlə - komplektləşdirilməsi, eləcə də səfərbərlik ehtiyatlarının zabit heyəti hesabına formalaşdırılması üçün mövcud qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac yaranıb.
“Belə ki, mövcud qanunvericiliyə əsasən, ali təhsilli çağırışçılar 1 il müddətli həqiqi hərbi xidmət keçdikdən sonra zabit hazırlığı üzrə kursu müvəffəqiyyətlə bitirərək bağlaşma əsasında könüllü surətdə 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilərlər. Bu da, öz növbəsində həmin şəxslərin Silahlı Qüvvələrdə ümumilikdə 2 il 6 ay xidmət etmələri və həmin şəxslərin zabitlərin həqiqi hərbi xidmətinə maraq göstərməmələri ilə nəticələnir. Təqdim edilən Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb”.
A.Nağıyev qanun layihəsində aşağıdakı dəyişikliklərin nəzərdə tutulduğunu açıqlayıb:1. Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılaraq 1 il müəyyən edilməsi; 2. Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsinin verilməsi; 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və normayaratma texnikasının tələblərinə uyğun olaraq, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də bir sıra normaların uyğunlaşdırılması, ifadələrin dəqiqləşdirilməsi və texniki xarakterli dəyişikliklərin edilməsi”.
Komitə sədri qeyd edib ki, qanun layihəsinin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək tələbat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının formalaşdırılmasına, bununla da bu sahədə olan problemlərin həllinə xidmət edəcək: “Layihə komitəmizdə müzakirə edilib və birinci oxunuş üçün plenar iclasa tövsiyə edilib”.
Layihə səsə qoyularaq qəbul edilib.
Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı Musavat.com-a deyib ki, bu önəmli bir yenilikdir:

“Orada ali təhsilli şəxslərin çoxu bir çoxu zabit rütbəsini almaq istəyirlər. Bundan öncə 2000-ci illərdə bu proses tətbiq olunmuşdu. Onda bir il altı ay müddətinə xidmət edirdilər. İndi bir ilə endirilməsi təqdirəlayiq haldır. Bizim həkimlərimiz çoxdan idi ki, arzulayırdılar hərbi həkim kimi təcrübə keçsinlər. İnformasiya texnologiyaları ilə bağlı yeni ixtisaslar salınıb. Bu sahədə də böyük tələbat var. Həmin şəxslər də istəyirlər ki, böyük təcrübə qazansınlar”.
Ekspert əlavə edib ki, universiteti bitirən şəxslərin birdən-birə yaxşı işlərdə işləməsi, yüksək təcrübə qazanması bəzən çətin olur: “Həmin şəxslər orduya gedib, zabit rütbəsi daşıyacaqlar, bunun özü bir şərəfdir, çox məsuliyyətli bir işdir. Rütbələrlə yanaşı, bir ömür işləyəcəkləri peşəyə yiyələnəcəklər. Ordu üçün də kadr potensialının möhkəmlənməsi böyük önəm daşıyır. Bizim həkimlərimiz var ki, çox savadlıdırlar, gələcəkdə orduda həkim kimi fəaliyyət göstərəcəklər. Yaxud da digər ixtisaslar üzrə öz peşəkarlığını artıracaqlar, orduya töhfə verəcəklər. Qanunlarda ehtiyac yarandıqca dəyişiklik edilir, islahatlar aparılır. Bundan sonra da bir sıra addımlar atılacaq, bütün bunlar Ordumuz üçün vacibdir”.
Afaq Mirayiq,
Musavat.com






