“Konstantin Zatulin uzun müddətdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar edir, separatizmə açıq dəstək nümayiş etdirir. Artıq onun kimi “şəxs”lərin destruktiv fəaliyyətinə son qoyulmalıdır. Azərbaycanın artan uğurları fonunda Rusiyada belə çıxışların yenidən meydana gəlməsi həm də cənab prezident İlham Əliyevin Əbu-Dabidə Zayed Sülh Mükafatını alması fonunda baş verməsi əlbəttə ki, bu hadisənin təsadüf olmadığını göstərir. Zatulinin ardıcıl çıxışları həm Azərbaycanın yürütdüyü siyasətə kölgə salmaq, həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa hesablanıb”.
Bu sözləri Musavat.com-a deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Zatulin kimilərinin xidmət etdiyi təşkilatlar, əslində, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini, ümumiyyətlə Qarabağ məsələsinin bitməsini heç cür qəbullana bilmir, yaxud da bu problemi bacardıqca yenidən alovlandırmağa cəhd göstərirlər: "Əslində, bütün dünyaya bəllidir ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz işlərini yürüdür. Bu gün həbsdə olan separatçı ermənilərin günahları tam sübuta yetirilib və ona uyğun da cəzalarını çəkirlər. Zatulin kimiləri isə birdən birə insansevər, yüksək “humanizm” təəssübkeşi olublar. Həbsdə olan “yan”ların müdafiəçisi olublar.
Cənab prezidentin zərgər dəqiqliyi ilə yürütdüyü siyasət bu gün Zatulin komandasının kitabını bağlayıb. Çünki keçirilən məhkəmədə yalnız Araik kimilər həbs olunmadı, həmçinin Azərbaycan xalqına faciə-müsibətlər yaşatmış erməni separatizminə hökm oxundu. Separatizmin kökü kəsildi. İşğalçılar cəzalandırıldı. Zatulin hətta Ermənistan rəhbərliyinin də bu işdə soyuq davrandığını səbəb gətirərək tənqid hədəfi edir. Yəni Paşinyanın məsələyə laqeyd qalması da bunlar üçün bir dərd olub. Düşünürəm ki, belə boşbağazların Rusiya dövləti özü artıq ağzını bağlamalıdır. Çünki deyilən heç bir fikir Prezidentimizi qətiyyətindən döndərə bilmir. Cənab prezident haqq yolundadır və bu yolda irəliləyir. Nəticə isə ancaq Azərbaycanın xeyrinə olur. Bu baxımdan Rusiya “Zatulin”ləri hürdürmək əvəzinə onların qabaqlarına yal atıb satikləşdirsə yaxşı olardı. Çünki Azərbaycanın artan nüfuzu, mövqeyi gələcəkdə Rusiyanın da işinin bizə düşməsinə səbəb ola bilər”.
Cavanşir ABBASLI
Musavat.com






