Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının həbsxanada ölümcül toksinlə zəhərlənməsi iddialarına Moskva rəsmi şəkildə cavab verib.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın Navalnının Cənubi Amerikada yaşayan zəhərli ox qurbağalarında rast gəlinən ölümcül toksinlə zəhərlənərək həbsxanada öldüyü barədə iddialarına münasibət bildirib.
Zaxarova Qərb ölkələrinin Navalnının ölümü ilə bağlı yaydığı birgə bəyanata etiraz edərək qeyd edib ki, bu açıqlamalar “Qərbin öz daxili və həyati problemlərindən diqqəti yayındırmağa yönəlmiş uydurmalardır”.
Rusiya XİN sözçüsü əlavə edib ki, Navalnının test nəticələrinin rəsmi şəkildə açıqlanması tələb olunanda da Qərb tərəfi müxtəlif sensasion iddialar irəli sürüb. O, bu kontekstdə keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripalla bağlı hadisəni xatırladaraq bildirib ki, Skripal və qızının taleyi ilə bağlı sualların cavabsız qalması da oxşar vəziyyətdir.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü ilin fevralında həbsdə olduğu müddətdə vəfat edib. Onun ölümü Qərb ölkələri ilə Rusiya arasında yeni siyasi mübahisələrə səbəb olub.
Şahanə Rəhimli
Musavat.com






